Ramazan fitrəsi kimə verilməlidir?

Ramazan fitrəsi kimə verilməlidir?

Ramazan ayının sonunda oruc tutan müsəlmanlar fitrə zəkatı verirlər. Bu fitrənin dəyəri nə qədər olmalıdır?

"Ailədə neçə nəfər varsa, hər adama görə minimum 1,5 - 2 manat pul verilməlidir. Fitrə zəkatı o adam verir ki, onun xərci borcunu ödəyir. Fitrə zəlatını imkan daxilində, ən gücsüz ailələr belə verməlidir. Fitrə zəkatı gələn ilin Ramazan ayına qədər bir növ canın sığortası hesab olunur".

Fitrə nə zaman verilməlidir?

Fitrə zəkatı bayram axşamı, şam namazına az qalmış ayrılmalıdır. Şam namazına qədər əgər evə qonaq gəlibsə, qonağın fitrəsini də ev sahibi verməlidir.

"Fitrə imkan daxilində bayram axşamı verilsə, yaxşı olar. Ona görə ki, kasıblar da bayram edə bilsin. Əgər axşam verilməsə, bayram günü səhər verilə bilər. Fitrə, ilk növbədə, imkanı olmayan qohumlara verilir. Yoxdursa, qonşulara, o da yoxdursa, başqa bir imkansız şəxsə verə bilərlər".

Fitrə Allaha şükür niyyəti ilə verilən sədəqədir

Bu kəlmə dilimizə ərəb dilindəki "fitra" sözündən gəlib. Mənası "yaradılış", "fitrət" deməkdir. "Fitr" kəlməsi "orucu açmaq" "orucu başa vurmaq" mənasına gəlir. Fitrə sədəqəsi isə insanı Ramazan ayına çatdıran, Ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqəyə deyilir.

Fitrə zəkatı necə verilir?

Fitrə zəkatı Ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır. İslam müqəddəslərindən rəvayət olunmuş hədislərdə fitrə zəkatının verilməsinə çox təkid edilmişdir. Məsələn, İmam Cəfər Sadiq (ə) buyurub: "Orucluq qurtaranda fitrə zəkatı vermək lazımdır; necə ki, namazı qurtaranda Peyğəmbərə salavat demək lazımdır. Hər kim Ramazan orucunu qurtarandan sonra qəsdən fitrə zəkatı verməsə, orucu qəbul olmaz. Necə ki, namazın axırında Peyğəmbərə salavat göndərməyən adamın namazı qəbul olmaz". Həmçinin, İmam Sadiqdən (ə) rəvayət edilmiş başqa bir hədisdə deyilir: "Hər kim orucunu yaxşı söz və yaxşı əməllə başa vursa, Allah onun orucunu qəbul edər". Soruşdular: "Yaxşı söz və yaxşı əməl hansıdır?" İmam cavab verdi: "Yaxşı söz - kəlmeyi-şəhadət, yaxşı əməl - fitrə verməkdir". Fitrə zəkatının əsas hökmləri bundan ibarətdir: Fitrə zəkatını Ramazanın son günündə, məğrib azanından sonra ayırmaq və Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Əgər bu, mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir. Ev sahibi özü üçün və dolanışığı onun öhdəsində olan şəxslər üçün (yaşından asılı olmayaraq) fitrə zəkatı ayırıb ödəməlidir. Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına bir sa, yəni 3 kq olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna və ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

Ramazan ayının 27-ci gününün duası: "İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"

İmsak: 03:08

İftar: 20:29

Hazırladı: SƏDAQƏT

Bütün xəbərlər Facebook səhifəmizdə