Lənkəranda “Milli Qurtuluşdan inkişafa” adlı tədbir keçirilib

Lənkəranda “Milli Qurtuluşdan inkişafa” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş günü ilə əlaqədar “Milli Qurtuluşdan inkişafa” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova,rayonun Gəgiran kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov Ulu Öndər Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. R.Hüccətov Heydər Əliyevin müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu olduğunu qeyd edib. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğunu vurğulayıb. “Heydər Əliyev öz xilaskarlıq missiyası ilə, xalqımız qarşısındakı əvəzolunmaz və tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıbdır”,-deyə E.Həmidli əlavə edib.

Sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumatlarla tanış olublar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə