“Müstəqil Azərbaycanın memarı” FOTOLAR - VİDEO

“Müstəqil Azərbaycanın memarı” FOTOLAR - VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsinə yekun vurulub. 2018-ci il may ayının 31-dək davam edən müsabiqədə respublikamızın bütün bölgələrini təmsil edən orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Müsabiqəyə göndərilmiş rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, 400-dən artıq rəsm arasından 100 ədədi seçilərək sərgiyə buraxılıb. Sərginin açılışı və qaliblərin təltif olunması Yasamal Heydər Əliyev Mərkəzində keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Yasamal rayonunun İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının rəhbəri Azad Cəfərli, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri cənab Şahin Musaoğlu iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, müasir Azərbaycanın dövlətçilik tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli mənəvi tərəqqisi üçün böyük işlər görüb. Daha sonra çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atıb, uzaqgörənliklə respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlamış və onların icrasına nail olub.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsi olan müsabiqə və sərginin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə əldə edilmiş nailiyyətlərin, ordu quruculuğu, sosial-iqtisadi və mədəni quruculuq irsinin yeniyetmə və gənclər arasında təbliği, gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyə edilməsi, habelə rəsm sahəsində istedadlı şagirdlərin aşkar edilərək bacarıqlarının nümayiş olunmasına şərait yaratmaqdır.

Z.Abdullayev qeyd edib ki, bugünki müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşüb. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur. Z.Abdullayev “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsinin şagirdlər arasında böyük maraqla qarşılandığını vurğulayıb, müsabiqədə təqdim olunan 400-dən artıq rəsm əsərinin şagirdlərin Ulu Öndərə olan ehtiramının göstəricisi olduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov Ulu Öndər Heydər Əliyevin incəsənətə, mədəniyyət nümayəndələrinə, o cümlədən gənclərə qayğısından bəhs etmişdir. A.İbrahimov Ulu Öndərin istedadlı gənclərə və uşaqlara daim böyük diqqətlə yanaşdığını, mədəniyyət xadimlərinə xüsusi qayğı göstərdiyini vurğulayıb. Bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin orta məktəb şagirdləri arasında keçirdiyi müsabiqənin şagirdlərin Heydər Əliyev irsini öyrənmək, istedadlı, yaradıcı uşaq və gənclərin üzə çıxarılmasında çox böyük rolu vardır. Belə müsabiqələrin keçirilməsi ölkə mədəniyyətinə və incəsənətinə bir töhfədir.

Sonda çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli sərgidə əsərləri nümayiş etdirilən uşaq və gəncləri uğurları münasibəti ilə təbrik edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının xilaskarı kimi müasir gəncliyin firavan yaşaması üçün böyük işlər görüb və bu gün burada əsərləri təqdim edilən şagirdlərin yaradıcılığı bir daha sübut edir ki, Ulu Öndərə ehtiram və məhəbbət onların ürəklərində daim yaşayacaq.

Tədbir sonra mükafatlandırılma mərasimi ilə davam etdirilib, Münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri açıqlanıb:

I yerin qalibi İmişli rayon, Becrəvan kənd orta məktəbin 11-ci sinif şagirdi Maxsudu Misir Bahadur oğlu;

II yerin qalibi Qusar şəhər 2 saylı orta məktəbin 10-cu sinif şagirdi Zeynalov Vəliyulla Camal oğlu;

III yerin qalibi isə Elif Yaradacılıq Mərkəzinin nümayəndəsi Qurbanova Elgünə Elşad qızı.

Qaliblərə diplom və mükafatlar təqdim edilib.

Müsabiqədə rəsmləri nümayiş etdirilən 10 nəfər iştirakçının - Səfərzadə Humay Faiq qızı, Bayramova Kamilə Rövşən qızı, Əliyev İsmayıl Elçin oğlu, Əlizadə Aytac Nazim qızı, Əsgərli Aişə Vüqar qızı, İsayev İsa Kamil oğlu, Yusifli Gülər Ramiz qızı, Yusifova Firuzə Yaşar qızı. Məmmədova Lumiyyə Həsən qızı və Mirzəmmədova Gövhər Elnur qızının əsərləri həvəsləndirici diplomlara layiq görülmüşdür.

Müsabiqənin sərgisi 8, 9 və 10 iyun tarixləri arasında davam edəcək. Sərgi hər kəs üçün açıqdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə