Mətbuatın dil problemi: faktlar və onun həlli yolları – ARAŞDIRMA (LAYİHƏ)
Dövlətin bütün cəhdlərinə, atılan bütün addımlara baxmayaraq, mətbuatda hələ də bir çox problemlər həll olunmamış qalır. Bu da sırf obyektiv səbəblərlə bağlıdır. Ən başlıca problem isə, heç şübhəsiz ki, redaksiyaları ağuşuna alan qeyri–peşəkarlardan ibarət jurnalist ordusudur. Jurnalistikada nəzəriyyənin əhəmiyyəti məsələsi hələ də bir çox mütəxəssislərin araşdırma mövzusudur. Bir qism insanlar jurnalistika nəzəriyyəsinin praktik əhəmiyyətinin çox az rol oynadığını iddia etsələr də, bu işə bütün həyatını həsr edənlər ortaya "nəzəriyyə olmayan yerdə peşəkarlıq da ola bilməz" kimi daha bir yanaşma qoyurlar. Əslində isə həqiqət hər iki düşüncənin ortasındadır. Yəni bütün nəzəriyyəçilər peşəkar ola bilmədiyi halda, nəzəriyyəyə söykənməyən praktika da qeyri – peşəkarlığa qucaq açır. Ümumiyyətlə isə, bu problem yalnız jurnalistikaya xas deyil. Yəni Azərbaycanda 90–cı illərin əvvəllərində yeni dövlət quruculuğu prosesində atılmalı olan, amma atılmayan addımlar, idarəçilikdəki boşluqlar peşəkar kadr hazırlığı və səviyyəli kadrların müvafiq iş yerlərilə təmin olunması sahəsində də ciddi fəsadlar yaratdı. Məhz həmin prosesin ardından ölkədə həkim – müəllimlər, kombaynçı – bankirlər, sağıcı – jurnalistlər kimi yeni qeyri – peşəkar kadrlar yetişməyə başladı. Cəmiyyətin özünütənzimləmə istiqamətində reaksiya göstərməməsi isə həmin qondarma kadrların uzun müddət yaşamasına və bu günümüzə miras qalmasına şərait yaratdı. Təbii ki, səbəblər sırasına keçid dövrünün çətinlikləri, pul qazanmaq məcburiyyətində olan vətəndaşların jurnalistikanı maliyyə məkanı kimi dəyərləndirməsi və s. səbəbləri də əlavə emək vacibdir.
Jurnalist, siyasətçi...
Bu gün jurnalistikanın, xüsusilə də mətbuatın problemlərindən danışarkən hər kəsin şikayət etdiyi başlıca məsələlərdən biri də mətbuatın həddən artıq siyasiləşməsidir. Doğrudur, bu zaman da əks fikri müdafiə edib, siyasətlə mətbuatın ayrılmaz ikili olduğunu, həm mətbuatın dövlət, həm də dövlətin mətbuat siyasətinin olduğunu iddia edirlər. Amma bunlar "siyasətçi jurnalist" ifadəsinin bu peşə sahiblərinin gündəlik müzakirə mövzusu kimi piştaxtada durmasına səbəb olmamalıdır.
Yeri gəlmişkən, bir müddət əvvəl Azərbaycanda diplomatik fəaliyyətini başa vuran ABŞ–ın Bakıdakı səfirliyinin katibi Conatan Henik həmkarlarımızla vidalaşarkən belə bir açıqlama verdi ki, Azərbaycanda bir çox jurnalistlər özlərini siyasətçi kimi aparırlar. Amerikalı diplomatın fikirləri bir çoxları üçün antipatik olsa da, zənnimizcə, mətbuatın siyasiləşməsi məsələsinin kökündə yatan həqiqətləri ifadə edir. Belə ki, bu gün Azərbaycanda "press" vəsiqəsini cibində daşıyan şəxslərdən böyük bir qismi ayrı–ayrı partiyaların funksionerləri, partiyaların mövqelərinin müdafiəçiləri qismində çıxış edirlər. Həmin şəxslər üçün mətbuat cəmiyyətin güzgüsü deyil, təmsil etdiyi partiyanın tribunasıdır. Bu yanaşma çərçivəsində isə mətbuatdan bundan artığını gözləmək, sadəcə, sadəlövhlükdür.
Amma bütün bunlar onu deməyə əsas vermir ki, mənzərə bu cür davam edəcək. İstənilən halda cəmiyyətdə daşlar tam yerinə oturduqdan sonra mətbuat da öz içərisindəki ziyanlı ünsürləri təmizləyəcək, bu peşəni sevən fədailəri bətnində bəsləyəcək.
Mətbuat cəmiyyətin güzgüsu adlanıdırılır. O baxımdan ki, dünya praktikasında azad, müstəqil mətbuat jurnalistikanın peşə tələblərinə uyğun olaraq həm cəmiyyətə, həm hakimiyyətə, həm də müxalifətə nəzərən qərəzsiz, doğru, əsaslı mənbələrə dayanan informasiyaların ötürücüsü rolunu üstlənməlidir. Özünü müstəqil elan edən mətbuat heç bir siyasi qüvvənin əlində rupora çevrilməməlidir. Təbii ki, hər hansı siyasi qüvvəyə yaxın və ya partiyanın orqanı olan mətbu vasitələr siyasi prosesələri dəqiq rəy verməyi bacarmalı, reallığı yazmalı, qərəzsiz və tərəfsiz mövqe nümayiş etdirməlidir.
Amma Azərbaycan müxalifətinin təsiri altınıda olan mətbu orqanlar nə siyasi qüvvəyə məxsus, nə də müstəqil xarakterli tələblərə riayət etmir. Məxsus olduğu siyasi qüvvədən başqa hər kəsə çamur atmaq, qara yaxmaq onların siyasi təfəkkürü olduğu üçün, əsas təbliğat maşınları sayılan qəzetləri də sağa–sola təhqir, söyüş, küçə sözləri yağdırmaqdadır. Hətta öz düşərgədaşlarına qarşı da qeyri–etik ifadələr seçən, dövlətçiliyə zidd mövqe nümayiş etdirən, əsassız informasiyaları qeyri–peşəkar səviyyədə cəmiyyətə təqdim edən müxalifət qəzetləri, həmçinin, hər zaman əllərində bayraq etdikləri söz azadlığı, insan hüquqlarına hörmət, şərəf və ləyaqət kimi kodeksləri hər an pozan, dünyanın heç bir standartına uyğun gəlməyən tərzə üstünlük verən, özündən başqa hər şeyi qara rəngdə görən düşərgə təmsilçiləri bütün keçirilən monitorinqlərdə normaların pozulmasını görə ən yüksək yerlərdə qərarlaşır.
"İnkişaf" Sosial–İqtisadi Araşdırmalar Mərkəzi və "Hüquqi və Demokratik İslahatlar Mərkəzi"nin keçirdiyi monitorinq nəticəsində bəzi faktlar çılpaq şəkildə üzə çıxır. İyun ayı ərzində həm müxalifətyönlü, həm iqtidaryönlü, həm partiya, həm də özünü müstəqil adlandıran qəzetlər arasında bir aylıq monitorinq aparan təşkilatlar maraqlı nəticələrə gəliblər. Öncədən qeyd etmək lazımdır ki, əslində bu göstəriciləri gözlənilməz saymaq olmazdı. Çünki müxalifətin tabeçiliyində olan mətbu orqanlar peşə tələblərini unudaraq yalnız tiraj xatirinə arxasınca qaçdıqları əsassız informasiyaları yaymaqla məşğuldur. Məsələn, hər gün ən azı iki məmuru işdən çıxaran (?!), ikisini "vuran", digər siyasi partiyaların daxili işinə qarışan bu qəzetlər yalan məlumatları tirajlamaqla "KİV haqqında Qanun"un tələblərini də pozmuş olurlar. Monitorinqin nəticələrinə əsasən, peşə etikasının gözlənilməməsi və məlumat mənbəyinə istinad qaydalarının pozulması hallarına görə müxalifətin iki aparıcı qəzeti ilk yerləri bölüşür. Bu təsadüfi deyil. Hətta həmin qəzetlərin son üç nömrəsinə diqqət yetirdikdə düşərgədaxili prosesin necə çirkin bir şəkildə inkişaf etdirildiyinin şahidi oluruq. Sözdə eyni qütbdə yer alan, amma şəxsi maraqlarnın əsirinə çevrilən və bu üzdən həm siyasi, həm də mətbu sahədə qeyri–peşəkarlıq, bəlkə də monopolist siyasəti yeridən müxalifətin etdikləri məhz bu üzdən cəmiyyət üçün maraqsız və məzmunsuz olub. Adi insan hüququna hörmət etməyən, hər addımbaşı bu kodeksi pozan, nə mentalitetə uyğun, nə də Avropa standartları müstəvisində çıxış etməyi bacarmayan müxalifətin məqsədi yalnız dövlətçiliyə qarşı mübarizə aparmaqdır.
Montorinqin digər dəyərləndirmə kriteriyalarında da müxalifət qəzetləri öndədir. Şərəf və ləyaqətin pozulması halları ilə yanaşı plagiatlıq, faktların bilərəkdən təhrif edilməsi, böhtan və əsaslandırılmamış ittihamlar məsələsində də öncüllüyü əldən verməyən bu mətbu orqanlar bir sıra hallarda hətta istintaq rolunu da oynamaq fikrinə düşürlər.
Düşərgə mətbuatının nümayəndələri siyasi oyunların qurbanına çevrilir
Müxalifət mətbuatı bu gün tam olaraq siyasi qüvvələrin əlində rupora çevrilib. Yalnız siyasi sifarişlərə əsasən işləyən bu partiya qəzetlərinin əməkdaşları da siyasi torun cəngindən qurtula bilmir. Əksər hallarda isə bir sıra insanlar həmin siyasi liderlərin şəxsi mənafe torunun qurbanına çevrilirlər. Məsələn, uzun müddətdir ki, müzakirə obyektinə çevrilən Aqil Xəlil olayı artıq xarici mətbuat orqanlarının da maraq dairəsinə düşüb. Azərbaycanda özünü müstəqil elan edən, əslində isə müxalifətin şəxsi maraqlarına xidmət göstərən mətbuatdan fərqli olaraq xarici mətbuat bu məsələyə fərqli aspektdən yanaşır. Baş verənlərin siyasi oyun olduğunu araşdıran Kanadanın məşhur "The Gazette" nəşrində Əhməd Mehdinin müəllifliyi ilə dərc olunan "Azərbaycanın daxili düşmənləri xarici düşmənlərindən daha təhlükəlidir" başlıqlı məqalədə Azərbaycanın qarşısına qoyduğu prioritetlərə– insan hüquqlarının qorunması və demokratiya prinsiplərinə çatmaq üçün islahatların sürətlə reallaşdırıldığı göstərilib. İctimaiyyətin böyük hissəsinin Prezident İlham Əliyevin siyasi konsepsiyasını dəstəklədiyini bildirən nəşr bəzi destruktiv qüvvələrin regiondakı stabilliyi pozmağa çalışdığını da diqqətə çatdırıb.
Özünü müstəqil elan etmiş mətbuatla yanaşı, xarici donorlar tərəfindən maliyyələşdirilən bir sıra insan hüquqları məsələləri üzrə fondların da müxtəlif təxribatlar törətməklə ölkəmizdə gedən demokratiya prosesinə kölgə salmağa çalışdığı vurğulanır: "Bir müddət öncə baş vermiş hadisə – Azərbaycan Xalq Cəbhəsi Partiyasının "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlil ətrafında baş vermiş olay – müxalifətin ölkədə xaos yaratmaq və hazırkı iqtidarın imicinə zərbə vurmaq cəhdi üçün gözəl nümunədir. Beynəlxalq təşkilatlar və səfirliklər hadisəni araşdırmadan bəyanat yayaraq hökuməti tənqid ediblər. Bir sıra yerli qəzetlər də bu hadisə ətrafında qərəzli müzakirələri davam etdirərək hakimiyyətə qarşı "soyuq duş" effekti yaradıblar. Ümumiyyətlə, mətbuat elə bir vasitədir ki, onunla insanların hakimiyyətə qarşı neqativ şüurunu formalaşdırmaq olar. Amma təcili olaraq peşəkar jurnalistlərdən ibarət tədqiqat qrupu yaradılıb və araşdırıcı komanda hadisəni tədqiq etdikdən sonra əsl həqiqəti 13 mart 2008–ci ildə ortaya çıxarıb".
Demək artıq bütün dünya Azərbaycan müxalifətinin iç üzünü tanıyıb və bu təxribat xarakterli planın əvvəlcədən AXCP sədri Əli Kərimli tərəfindən hazırlandığı göstərilib. Hadisədə qurban rolu oynayan jurnalist Aqil Xəlilə isə qonorar kimi 15 min ABŞ dolları mükafat verilib: "Artıq bir ilə yaxın bir müddət ərzində qərargahsız qalan, bütün resursları tükənən Azərbaycan Xalq Cəbhəsi Partiyasının xarici donor təşkilatlarından bir daha maliyyə yardımı almaq imkanı sıfır səviyyəsinə enib. Belə olan halda, yenidən gündəmdə qalmaq, hakimiyyətə alternativ ola biləcək real qüvvənin məhz AXCP olduğunu beynəlxalq təşkilatlara nümayiş etdirmək üçün belə bir çirkin plana əl atılıb. Nəticədə, bütün beynəlxalq təşkilatların diqqəti yenidən Azərbaycana yönəldilib."
Göründüyü kimi, artıq dünya ictimaiyyəti müxalıifətin hazırladığı siyasi şoulara inanmır. Onların məhz maddiyyat arxasında gizlənən və pul xatirinə hər bir şeyə razı olan kəsim olduğunu dərk edən həm Azərbaycan vətəndaşları, həm də beynəlxalq təsisatlar bu ucuz şoularda yer almaq istəmir. Müxalifət tam şəkildə bitib və onların siyasi fəaliyyətsizliyi ilə yanaşı milli mətbuat ənənəsinə zidd addımları qəzəblə qarşılanır. Müxalifət də öz sonunun gəldiyini anlayıb. Elə bu səbəbdəndir hamıya, hətta illərlə yol gəldikləri insanlara belə qara yaxmaqdan çəkinmirlər.
Dil düşüncənin aynasıdır, qəlibidir deyirlər. Fikri, hissi ifadə edən, anlaşma və ünsiyyət vasitəsi olan dilin ictimai həyatdakı rolu və yeri danılmazdır. Azərbaycanda mətbuatın dili ilə bağlı fərqli fikirlər mövcuddur. Mətbuatın dilində inkişafın olduğunu düşünənlər də var, bu sahədə ciddi problemlərin mövcudluğunu deyənlər də.
Mətbuatımızın dilindəki problemlər təkcə orfoqrafiya, orfoepiya, korrektə səhvləri ilə bağlı deyil. Müşahidələr göstərir ki, son illər Azərbaycan mətbuatının dili ciddiliyə doğru dəyişməkdədir. Yəni mətbuat nümayəndələri hadisələri oxucuya xalq dili ilə deyil, daha çox terminlərdən, alınma sözlərdən, qəliz və mürəkkəb cümlələrdən ibarət dillə çatdırmağa meyllidirlər. Müqayisə üçün qeydə etmək olar ki, qardaş Türkiyə qəzetçiləri oxuculara aydın olsun deyə, daha çox xalq dilində, sadə dildə yazmağa üstünlük verirlər.
Məsələyə münasibət bildirən BDU-nun professoru Cahangir Məmmədli belə deyib: "Bütün xalqların dilində alınma sözlər var. Son vaxtlar qloballaşmayla, Avropaya meyillə bağlı ədəbi dilin həqiqətən korlanması prosesi gedir. Mətbuatın alınma sözlərdəm çox istifadəsinin tərəfdarı deyiləm. Mətbuat bununla mübarizə aparmalıdır. Azərbaycan ədəbi dilinin inkişafına mətbuat cavabdehdir. Ona görə də jurnalistlər çox diqqətli olmalıdırlar. Əgər alınma sözlərin azərbaycanca qarşılığı varsa, mütləq onu işlətməlidirlər. Amma elə sözlər var ki, onun qarşılığını tapmaq mümkün deyil, hələlik onları işlətmək olar. Əgər bu sözləri işlədirlərsə, mütləq bunların mənası qeyd olunmalıdır. Mən də son vaxtlar Azərbaycan mətbuatında o qədər sözlərə rast gəlirəm, xarici sözlərə, alınma sözlərə, heç mən özüm də onun mənasını başa düşmürəm. Ona görə də dilin korlanmasının qarşısı alınmalıdır. Mətbuat bu işdə birinci rol oynamalıdır. Yəni onun öhdəsinə düşür bütün bunlar".
"Media form" saytının redaktoru Hikmət Sabiroğlu Azərbaycan mətbuatının dillə bağlı problemlərini ciddi məsələ hesab edir: "Bu bizim dərdli yerimizdi. Bu günkü media dilinin Azərbaycan dilinə çox az dəxli var. Bu da təhsildən irəli gəlir. Mediada savadsız adamların artması da buna səbəb olur. Vəziyyətin düzəlməsi üçün bir atalar sözündə deyildiyi kimi edilməlidir: çörəyi ver çörəkçiyəŞ birini də üstəlik. Yəni dediyim budur ki, hər kəs bildiyi işin dalınca getsin, eləcə də jurnalistlər. Və media məktəbləri açılmalıdır. Qəzetlərin, TV-lərin media məktəbləri olmalıdır. Mən universitet kimi mərkəzləri nəzərdə tutmuram. Xüsusi məktəblər nəzərdə tuturam".
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov: "Əvvələr bu məsələ daha qabarıq idi. Fikir versəniz görərsiniz ki, sadələşmə gedir. Yenə də bu problem var. Qəzetlərimizdə uzun-uzun cümlələr, ağır terminlər heç də az deyil. Əslində məqalələr qısa, informasiyalı, aydın olmalıdır. Bundan qorxmaq lazım deyil. Jurnalsitlərimiz də sadə yazmağa qorxurlar ki, bunları savadsız bilərlər. Jurnalistlərimiz özlərini savadlı göstərmək istəyirlər. Siz Türkiyədəki köşə yazılarını oxusanız, görərsiniz ki, ən mürəkkəb yazıları belə çox sadə yazırlar. Çalışmaq lazımdır ki, sadə, aydın dil zövqü, dil inessiyası ilə yazılar yazılsın. Bu gün mətbuatda şifahi dil üstünlük təşkil edir, amma tam formalaşmayıb. İfadə tərzi qorunmalı, fikir aydın çatdırılmalıdır. Qəzetlərimizdə "ibarətdir" və "qeyri-müəyyəndir" kimi sözlərə rast gəlirik. Bu kimi ifadələr də çıxarılsa, yaxşı olar".
Media eksperti Zeynal Məmmədli: "Azərbaycanda medianın qopması belə addımlarla gerçəkləşir. Media xalqdan qopduqcada, sıradan insanlar medianın diqqət mərkəzində olmur. Nəticədə vəzifəli şəxslər, ictimai fiqurlar keçir mərkəzə. İctimai fiqurlar mərkəzə keçəndə, dəftərxana dili hakim mövqe tutmağa başlayır. Yəni cəmiyyətin problemlərini cəmiyyətin anlayacğı dildə vermək lazımdır. Onu da qeyd etmək lazımdır ki, medianın azad olmaması xəbərin birbaşa yox, dolayısıyla çatdırılmasına gətirib çıxarır. Digər tərəfdən də məsələ medianın qeyri-peşəkarlığıdır. Medianın qəliz dili medianı anlaşılmaz edir və xalqın gözündən salır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB