Ramin Hacılı dövlət sərhədini qanunsuz keçərkən yaxalandı

Ramin Hacılı dövlət sərhədini qanunsuz keçərkən yaxalandı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd-mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır. Sərhəd naryadı tərəfindən dövlət sərhədində iki nəfər Azərbaycan Respublikası vətəndaşı - 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılmışlar.

İlkin araşdırma zamanı R.Hacılı, ölkədən çıxışına qadağa qoyulması səbəbindən, dövlət sərhədinin buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə, bu əməlin həyata keçirilməsində ona kömək göstərməsini etiraf etmişdir. F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilmişdir.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək, qaytarmağa çalışmasını bildirmişdir.

Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılmışdır.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə