Ədliyyə naziri: “Təəssüf ki, yeni hakimlərin heç də hamısı göstərilən yüksək etimadı tam doğrulda bilməyib”
Məhkəmə-Hüquq Şurası tərəfindən son beş ildə 50-dən artıq hakimin səlahiyyətlərinə xitam verilib. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov müsahibəsində deyib. Nazir bildirib ki, həmin hakimlərin fəaliyyətinə onların işinin qiymətləndirilməsi və intizam icraatları nəticəsində xitam verilib. F.Məmmədovun sözlərinə görə, qeyd olunan dövrdə Məhkəmə-Hüquq Şurası tərəfindən 97 hakim barəsində intizam icraatı başlanıb. Bunun nəticəsində 10 hakim aşağı və ya iş həcmi daha az olan vəzifəyə keçirilib.
İlk dəfə hakim vəzifəsinə təyin olunanların fəaliyyətinin xüsusi diqqətdə saxlanıldığını vurğulayan nazir deyib ki, həmin hakimlərin fəaliyyəti qiymətləndirilərək onların 28 nəfəri apellyasiya məhkəmələrinə irəli çəkilib: "Təəssüf ki, yeni hakimlərin heç də hamısı göstərilən yüksək etimadı tam doğrulda bilməyib. Onlardan 8 nəfəri intizam məsuliyyətinə cəlb olunub", - nazir bildirib. Nazir vurğulayıb ki, bu, hakimlərin iş yükünün azalması, işlərə daha keyfiyyətli baxılması, yol verilən süründürməçilik və digər pozuntuların aradan qaldırılması ilə nəticələnib.
Azərbaycanda bu il ərzində bələdiyyələrin vəzifəli şəxsləri barəsində 24 material hüquqi qiymət verilməsi üçün prokurorluğa təqdim olunduğunu qeyd edən nazir deyib ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən inzibati nəzarət qaydasında 21 mindən çox bələdiyyə aktına baxılıb, ləğv edilmiş qanunsuz qərarlar nəticəsində 2,1 min hektardan artıq torpaq sahələri bələdiyyələrə qaytarılıb: "Bu il 500-ə yaxın bələdiyyə barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilib. Bələdiyyələrə 1700-dən çox tövsiyyələr verilib, 2400-ə yaxın bələdiyyə nümayəndəsi tədrisə cəlb olunub".
Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinə toxunan nazir müsahibəsində qeyd edib ki, bu il ərzində Mərkəz tərəfindən cinayət, mülki və inzibati işlər üzrə 15 minədək məhkəmə ekspertizası keçirilib: " Nazirlik tərəfindən bu ilin 10 ayında 93 yeni qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb, 190 mətbu nəşr dövlət reyestrinə daxil edilib". Qeydiyyata alınmış qrant müqavilələrinin sayının ötən illə müqayisədə 26 faiz artdığını deyən Məmmədov bildirib ki, qrant müqavilələri əsasında alınmış qrantların məbləği 50 faizdən çox artaraq 19,6 milyon manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB