Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatın Gənclər Birliyinin bir qrup üzvü Milli Məclisdə olub. SİA-nın xəbərinə görə, qonaqları Milli Məclisin Suraxanı rayonundan seçilmiş deputatı Sevinc Fətəliyeva salamlayıb. Onlara Milli Məclisin fəaliyyəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, qəbul edilən sənədlər barədə ətraflı məlumat verib. Millət vəkili 2018-ci ilin Prezident tərəfindən “Cümhuriyyət ili” elan edilməsinin təsadüfi olmadığını, bu ilin xalqımızın şərəfli tarixində parlaq bir səhifə olduğunu vurğulayıb. Bu görüşün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ildönümünə hazırlıq getdiyi bir ərəfədə baş tutmasının əhəmiyyətindən danışıb. Onlara lazımi tövsiyələr verib.
Görüşdə iştirak edən parlamentin komitə sədrləri Siyavuş Novruzov və Ülvi Quliyev, millət vəkili Kamran Bayramov vurğulayıblar ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı qısa müddətdə mövcud problemlərin həllində xüsusi rol oynadı. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə Gənclər günü təsis olundu, respublika Gənclərinin ilk Forumu keçirilib, idman sahəsində böyük nailiyyətlərə imza atılıb. Azərbaycanda gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirmək, həyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün qanunvericilik bazası yaradılıb, böyük kapital qoyuluşları həyata keçirilib. Bu gün gənclər Azərbaycanın güclü dayaqlarından birinə çevriliblər. Ölkəmizdə gənclərin bütün istiqamətlərdə fəaliyyəti üçün geniş imkanlar yaradılıb. İndi gənclərimiz proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. YAP Gənclər Birliyi isə bu gücün Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissəsidir.
Görüşdə ölkəmizdə gənclər siyasəti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, gənclərə dövlət dəstəyi və qayğısı, Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlər, həyata keçirilən dövlət proqramları barədə geniş fikir mübadiləsi aparılıb. Gənclərlə keçirilən belə görüşlərin əhəmiyyəti vurğulanıb, bu ənənənin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşün sonunda gənclər onlar üçün yaradılan bugünkü fürsətə görə parlament rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onları maraqlandıran suallara millət vəkilləri tərəfindən ətraflı cavablar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB