AMEA-nın magistrləri dissertasiya işlərini uğurla müdafiə etdilər

AMEA-nın magistrləri dissertasiya işlərini uğurla müdafiə etdilər

Mayın 31-də AMEA Botanika İnstitutunda 2018-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistr dissertasiyalarının müdafiəsi keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, iclasda Magistr Dissertasiya Müdafiə Şurasının sədr müavini Fiziologiya İnstitutunun direktoru, b.ü.e.d. Ulduz Həşimova, Şuranın üzvləri - b.ü.e.d. professor Ramiz Əliyev, b.ü.e.d. professor Naib Əminov, b.ü.e.d. Arif Mehdiyev, b.ü.f.d. dosent Afaq Rəşidova, b.ü.f.d., dosent Mehrac Abbasov, b.ü.f.d. Xanağa Babayev, b.ü.f.d. Səidə Şərifova, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini, t.ü.f.d. dosent Hüseyn Hüseynov iştirak ediblər.

İclası giriş sözü ilə Şuranın sədri, AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadə açaraq, AMEA-da magistratura pilləsinin yaradılmasının əhəmiyyətindən bəhs edib. V.Əli-zadə magistratura təhsilinin təşkilinin gənclərin elmi fəaliyyətə cəlb olunmasına, elm və təhsilin inteqrasiyasına böyük təkan verdiyini qeyd edib. Akademik magistratura təhsili üzrəuğurlu fəaliyyətin gələcəkdə elmi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynayacağını bildirib. Həmçinin, ilk magistrantların məzun olacağını vurğulayan V.Əli-zadə keçirilən müdafiəni tarixi hadisə kimi qiymətləndirib.

Şuranın katibi, Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Mehrac Abbasov bildirib ki, İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının üzvləri AMEA Prezidentinin müvafiq sərəncamına əsasən "Botanika", "İnsan genetikası", "Biokimya" və "Genetika" ixtisasları üzrə müəyyənləşdirilmişdir. 2017-2018-ci tədris ilində AMEA-nın Botanika, Akademik A. Qarayev adına Fiziologiya və Genetik Ehtiyatlar İnstitutularında magistratura pilləsini başa vurmuş 6 magistr öz dissertasiyasını Şuraya təqdim edib.

Botanika İnstitutundan Könül Bayramova və Mehri Bayramova "Botanika", Fiziologiya İnstitutundan Lalə Cəbrayılova "Biokimya", Mətanət Baxışova "İnsan genetikası" və Genetik Ehtiyatlar İnstitutundan Aygün Şəmşədzadə və Jalə Nəsibova "Genetika" ixtisası üzrə dissertasiya işini uğurla müdafiə ediblər.

Hər bir iddiaçı yüksək elmi müzakirə şəraitində şura üzvlərinin suallarını cavablandırıb. Komissiyanın ümumi rəyi əsasındatəqdim olunan dissertasiyalar müsbət qiymətləndirilib və magistrantlara müvafiq ixtisaslar üzrə magistr dərəcəsinin verilməsinə dair qərar qəbul edilib.

Müzakirələr zamanı komissiya üzvləri yaradılan yüksək elmi mühitdən, iddiaçıların elmi biliklərinin nümayişindən və hazırlıq səviyyəsindən məmnun qaldıqlarını bildiriblər.

Botanika İnstitutunun magistrı M.Bayramova bütün məzunlar adından çıxış edərək, təhsil aldıqları müddətdə göstərilən diqqət və qayğıya görə AMEA-nın prezidenti, akademik Akif Əlizadə başda olmaqla İnstitut rəhbərlərinə, elmi rəhbərlərə və professor-müəllim heyətinə dərin təşəkkürünü bildirdi. Gənc tədqiqatçı laboratoriya və çöl tədqiqatları zamanı əldə etdikləri bilik və təcrübələrin onların gələcək elmi fəaliyyətlərində mühüm rol oynayacağını əminliklə ifadə edib.

Sonda Müdafiə Şurasının üzvləri magistraturanı əla qiymətlərlə bitirən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə