Beynəlxalq Uşaqların Müdafiəsi Günü - Azərbaycanda REPORTAJ - SƏS TV
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Azərbaycan uşaqlarına qayğı diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür. Biz də SƏS TV olaraq bu günü Bakı məktəbliləri ilə keçirmək qərarına gəldik.
1 iyun tarixinin hər kəs üçün əlamətdar tarix olduğunu deyən Səbail rayonu M. Rahim adına 7 saylı tam orta məktəbin direktoru Könül Həsənova bildirib ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da geniş qeyd olunur.
Onun sözlərinə görə, hər kəsin, əsasən də təhsil müəssisələrinin ən əsas vəzifəsi və borcu orada təhsil alan şagirdlərin hüquq və vəzifələrini qorumaqdır: " Bu gün nəinki şagirdlərimiz üçün sevindirici gündür. Bu gün eyni zamanda valideynlərə övladlarının onların qayğısına ehtiyacları olduğunu xatırladan gündür. Uşaqlar bizim gələcəyimiz, sabahımız, qurucularımızdır. Biz hər zaman balaca fidanlarımızın qayğısına qalmalıyıq".
Ölkəmizdə aparılan uğurlu uşaq siyasətindən söz açan məktəb direktoru söyləyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması istiqamətində xüsusi işlər görülür, mühüm addımlar atılır. Azərbaycan uşaqları dövlət qayğısı ilə böyüyür və bu qayğını hiss edirlər".
K. Həsənova qeyd edib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində uşaqların hüquqları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir və şagirdlər bu istiqamətdə məlumatlandırılır.
Məktəbin ibtidai sinif müəlliməsi Nigar Qəmbərova isə deyib ki, uşaqlara öz hüquqları I sinifdən öyrədilməlidir. Birincilərə öz hüquqlarının qorunması istiqamətində maarifləndirici dərslərin keçirildiyini deyən müəllimə söyləyib ki, artıq ibtidai sinif şagirdləri yaşamaq, pulsuz təhsil almaq və digər bu kimi hüquqlara malik olmaları haqqında məlumatlıdırlar: "Uşaqlar bilməlidirlər ki, onların 18 yaşına qədər işlədilməsi qanunla qadağandır. Hər bir uşaq bir şəxsiyyətdir və bir şəxsiyyət olaraq onlara hörmət edilməli və qiymətləndirilməlidirlər".

Uşaqların bu istiqamətdə həyata keçirilən dərslərə böyük maraq göstərdiklərini deyən N. Qəmbərova söyləyib ki, şagirdlər məktəbdə narazı olduqları hər hansı məsələ ilə bağlı sərbəst şəkildə müəllimələrə müraciət edə bilirlər: "Bundan başqa məktəbdə uşaqların sərbəst şəkildə kitabxanadan, bufetdən, kompüter otağından istifadə etmək üçün hər cür şərait yaradılıb. Onlar bu hüquqlardan rahat şəkildə istifadə edirlər".
Müəllimə söyləyib ki, Azərbaycanda uşaqların hüquqlarının dövlət səviyyəsində qorunur və bu heç kimə bu hüquqları pozmağa icazə verilmir: "Biz uşaqların qorunması ilə bağlı işlərdə Ulu Öndər Heydər Əliyevdən nümunə götürürük. Ümummilli lider bu günə xüsusi diqqət ayıraraq onlarla görüş keçirir, bayramlarını təbrik edirdi. Hazırda bu siyasət Prezident İlham Əliyev və Azərbaycanın I xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir".
5-ci sinif şagirdi Hüseynzadə Ülvi hüquqlarının qorunduğu bir ölkədə yaşadığı üçün xoşbəxt olduğunu dilə gətirib: "Biz çox xoşbəxtik ki, hüquqlarımızın qorunduğu azad bir ölkədə yaşayırıq. Elə ölkələr var ki, orada müharibə getdiyi üçün uşaqların hüquqları qorunmur. Bura İsrail, Fələstin, Suriya kimi ölkələr daxildir. Həmin ölkələrdə yaşayan uşaqlar aclıq, susuzluqdan 1 iyun-Beynəlxalq Uşaqların Müdafiəsi gününü bizim kimi şad qeyd edə bilmirlər. Mənim ən böyük arzum həmin uşaqların da bu günü bizim kimi xoşbəxt şəkildə qeyd etməsidir".
Hüquqları haqqında məlumatlı olan 4-cü sinif şagirdi Rəhimova Təslim bildirib ki, onun təhsil almaq, dərslərini yerinə yetirmək, məktəb kitabxanasından istifadə etmək, istirahət etmək kimi hüquqlara malikdir.
Məktəb və ailədə hüquqlarının qorunmasından razı olduğunu deyən Təslim indiyədək hüquqlarının pozulmadığını söyləyib: " Ailədə hər hansı narazılığım olduqda anama, məktəbdə isə müəlliməmə müraciət edirəm. Hüquqlarımla bağlı hər şeyi məni qan edir. Heç nəyi dəyişmək istəmərəm".
Şagird Emil Rüstəmli söyləyib ki, uşaqların hüquqlarının qorunması hazırda cəmiyyətimizdə ən aktual olan mövzulardan biridir: "Çünki, uşaqların öz hüquqlarını qoruması və cəmiyyətdə özünü müdafiə etməsi çox önəmlidir. Azərbaycanda uşaqlara öz hüquqlarını öyrədən və bu istiqamətdə Ombudsmanın nəzdində fəaliyyət göstərən liderlik məktəbi var ki, orada uşaqlara cəmiyyətdə öz hüquqlarının qorunması, özünü müdafiə etmək və digərləri öyrədilir ki, bu da uşaqlar üçün çox önəmlidir. Adətən 14-15 yaşlı uşaqlar cəmiyyətdə sərbəst, valideynlər olmadan hərəkət etməyə başladıqları zaman müxtəlif problemlərlə üzləşirlər. Belə vəziyyətdə öz hüquqlarımızı bilməyimiz bizim üçün əlavə üstünlükdür".
9-cu sinif şagirdi deyib ki, Azərbaycanda hər bir uşağın pulsuz təhsil almaq, dövlət xəstəxanalarında müayinə olunmaq, istirahət, əylənmək hüquqları var ki, bütün bunlar hər birimizə yüksək həyat şəraitində yaşamağımıza, gələcək pillələrimizi daha yaxşı qurmağa yardım edir.
Qeyd edək ki, Milli Məclisdə indiyədək uşaq hüquqlarının qorunması və müdafiəsi ilə bağlı bir sıra qanunlar qəbul olunub. Bu qanunlarda uşaqların yaşamaq, pulsuz təhsil və səhiyyə, vətəndaşlıq hüququ, şəxsi toxunulmazlıq hüququ, ailədə yaşamaq hüququ, yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüquqları təsbit olunub.
Bundan başqa ölkəmiz uşaq hüquqları sahəsində beynəlxalq konvensiyalara da qoşulub. BMT-nin 1989-cu ildə qəbul etdiyi "Uşaq hüquqlarına dair" Konvensiyasını ölkəmiz 1992-ci ildə ratifikasiya edib. Bu sahədə Azərbaycanın əsas milli sənədi olan "Uşaq hüquqları haqqında" qanun 1998-ci ildə qəbul edilib.
Əziz Uşaqlar Bayramınız Mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB