“Kaspi nəşrləri” seriyasından iki yeni kitabın təqdimatı olub FOTOLAR

“Kaspi nəşrləri” seriyasından iki yeni kitabın təqdimatı olub FOTOLAR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə iyunun 1-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə “Kaspi nəşrləri” seriyasından iki yeni kitab – “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və Əlimərdan bəy Topçubaşovun “Kaspi”dən seçmələr”i təqdim edilib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, "Kaspi"dən seçmələr" kitabında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından birinin - görkəmli ictimai-siyasi xadim, diplomat və publisist Əlimərdan bəy Topçubaşovun 1898-1906-cı illərdə baş redaktoru olduğu "Kaspi" qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilinə tərcüməsi toplanıb. Bu yazılarda Azərbaycanın və bütünlükdə Cənubi Qafqaz regionunun XX əsrin əvvəllərindəki həyatı özünün ən müxtəlif yönləri və istiqamətləri ilə əksini tapıb. Ə.Topçubaşovun zəngin publisistik irsi onun milli istiqlal məfkurəsinin öncülü və gələcək Azərbaycan Cümhuriyyətinin ideoloqlarından biri olduğunu göstərməklə yanaşı, "Kaspi” qəzetinin də həmin prosesdəki roluna və xidmətlərinə işıq salır. Əsər tarixçilər, filoloqlar, politoloqlar, media təmsilçiləri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd olunub ki, kitabın tərtibatçısı və rus dilindən tərcümə edən, müqəddimə, izah və şərhlərin müəllifi tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdir.

Ə.Amaşov qeyd edib ki, “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” nəşrində isə Azərbaycanın görkəmli dövlət qurucularının, siyasi xadimlərinin, ziyalılarının həyat və fəaliyyətindən bəhs olunur. Bildirilib ki, "Kaspi" qəzeti və "Kaspi" Təhsil şirkəti tərəfindən nəşr edilən bu kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru isə Sona Vəliyevadır.

“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Kaspidən" seçmələr" kitabında millətimiz üçün gərəkli mövzulara yer verildiyini bildirib. O, “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabında ümummilli lider Heydər Əliyevə xüsusi bölmə ayrıldığını və bu bölmədə Ulu Öndərin Cümhuriyyət qurucularına ehtiramının qabarıq şəkildə göstərildiyini diqqətə çatdırıb.

Digər çıxış edənlər də “Kaspi nəşrləri” seriyasından çapdan çıxan kitablarla bağlı fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə