Sloveniyada Xocalı soyqırımının qurbanlarına həsr edilən xatirə lövhəsinin açılışı olub

Sloveniyada Xocalı soyqırımının qurbanlarına həsr edilən xatirə lövhəsinin açılışı olub

Mayın 31-də Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən xatirə lövhəsinın Mariborda ucaldılması Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin dəstəyi ilə mümkün olub. Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının və Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının birgə layihəsidir.

“Avropa qəbiristanlıqlarının açılış həftəsi” çərçivəsində keçirilən mərasimdə Sloveniya parlamentinin yuxarı palatasının (Dövlət Şurası) sədri Aloys Kovştsa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin üzvü, professor Fərhad Bədəlbəyli, Maribor şəhərinin meri Andrey Fiştravets, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Dobrava Memorial Parkının direktoru, Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti Lidiya Pliberşek, Sloveniya parlamentinin yuxarı palatasının sədri Aloys Kovştsa, səfir Qalib İsrafilov və deputat Azay Quliyev çıxış ediblər.

Çıxışların ardınca yerli musiqiçilər və Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva matəm və vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

Sonra memorial kompleksi ərazisində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş xatirə lövhəsinin açılışı olub.

Lövhədə aşağıdakı sözlər yazılıb: “Bu xatirə abidəsi Azərbaycanın Xocalı şəhərinin qurbanlarına həsr edilir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriyadan və ağır hərbi texnikadan istifadə olunmaqla günahsız mülki şəxslərin, Xocalı şəhərinin 613 sakininin, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl Xocalı sakininin həyatına son qoyulmuşdur. Azərbaycanlı qurbanların xatirəsinə ucaldılan bu abidə ilə biz zorakılığa, etnik təmizləməyə, irqçiliyə, dini və milli ayrı-seçkiliyə qarşı etirazımızı ifadə edir, sülh və humanizmin harmoniyasının təbliğini arzulayırıq”.

Qeyd edək ki, 36 hektar ərazini əhatə edən Dobrava Memorial Parkında II Dünya müharibəsi zamanı həlak olan sloven, xorvat, bosniak və digər xalqlarının nümayəndələrinə, eləcə də sovet əsgərlərinə və keçmiş Yuqoslaviyanın bir çox yerlərində baş vermiş kütləvi edamlar və məzarlara həsr olunmuş simvolik xatirə abidələri Avropanın mədəni irsi kimi qorunur və təbliğ edilir.

2015-ci il oktyabrın 19-da Sloveniyanın Prezidenti Borut Pahor Dobrava Memorial Parkında ucaldılan ilk xatirə lövhəsinin açılış mərasimində iştirak edib. Dobrava Memorial Parkı Kompleksi mədəni irs nümunəsi kimi UNESCO tərəfindən qorunur.

Bütün xəbərlər Facebook səhifəmizdə