1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib FOTOLAR

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib FOTOLAR

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin və YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Nizami rayonunda yerləşən “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə baş tutub.

Tədbirdə əvvəlcə “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi və Daun sindromlu şəxslərin müxtəlif sahələri əhatə edən fəaliyyətləri barəsində videoçarx nümayiş olunub. Ardınca “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri və YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək uşaqlara ürək sözlərini bildiriblər. Tədbirdə həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da iştirak edib.

Rəsmi çıxışların ardınca, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin “Daun sindromlu uşaqlar Disney diyarında” adlı yeni layihəsi ilə bağlı videoçarx nümayiş olunub. Müxtəlif Disney şahzadələri obrazına bürünmüş 7 Daun sindromlu qız səhnəyə çıxaraq, öz obrazlarını nümayiş etdirib.

Sonra isə artist Ədalət Şükürov və müğənni Sevda Yəhyayeva Daun sindromlu uşaqlar üçün öz mahnılarını ifa ediblər. Sonda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 2013-cü ildə yaradılıb. Birliyə 5 yaşdan yuxarı Daun sindromlu şəxslər üçün nəzərdə tutulan “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” və 3-7 yaş arası serebral iflicli uşaqlar üçün nəzərdə tutulan “Qayğı Uşaq Reabilistasiya Mərkəzi” daxildir. Hər iki mərkəz Heydər Əliyev Fondunun, birbaşa Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gəlib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə