Adel Darviş: "Misirdə Azərbaycan Dövlət Neft Akademiyasının filialı açılacaq" - MÜSAHİBƏ
Misirin Azərbaycandakı Səfirliyinin mədəniyyət üzrə müşaviri, Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darvişin SİA-ya müsahibəsi
- Misir və Azərbaycan dövləti arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz. Sizcə, bu münasibətləri qənaətbəxş hesab etmək olarmı?
- Hazırda Azərbaycanla Misir arasında mövcud olan əlaqələr ən yüksək səviyyədədir. Bu yaxınlarda Azərbaycana Misirin 4 nazirinin səfəri, ötən həftə Azərbaycanda 64-cü bodubildinq üzrə dünya çempionatında Misirin birinci yerə layiq görülməsi bunun bariz nümunəsidir. Azərbaycanla Misir arasında olan elmi və mədəni əlaqələr Misirin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi vasitəsilə həyata keçirilir. Mərkəzin bu sahədəki fəaliyyəti genişdir. Misir Mədəniyyət Mərkəzi Azərbaycanda fəaliyyət göstərdiyi dövrlərdə burada təşkil olunan konfranslarda iştirak edir, öz fəaliyyətini bu sahədə qurur. Bundan əlavə, mərkəz mədəni tədbirlər keçirir, ərəb dilinin tədrisini təşkil edir. Bu da Azərbaycanla Misir arasındakı bu əlaqələrə böyük töhvə verməkdədir. Misirdə ümummilli lider Heydər Əliyevin abidəsi qoyulub, eyni zamanda Azərbaycanda Misir prezidenti Hüsnü Mübarəkin heykəli var. Bu da iki dövlət arasında mühüm addım və hadisədir.
- Azərbaycan bazarında Misir məhsullarının yeri və ticarət dövriyyəsinin həcmi sizi qane edirmi və gələcəkdə bunların artırılması üçün nələr nəzərdə tutulub?
- Yaxın zamanlarda Abşeron yarmadasında Misir dərman zavodunun inşası gözlənilir və bu prosesə yaxın vaxtlarda start veriləcək. Bu da Azərbaycanla Misir arasındakı ticarət dövriyyəsini özündə əks etdirir. Bu həm Azərbaycan, həm də Misir dövləti arasında birgə layihə olduğu üçün gələcəkdə bu zavodda həm azərbaycanlılar üçün iş yerləri olacaq, həm də Misirdən gələn mütəxəssislər burada çalışacaqlar. Hazırda Misirlə Azərbaycanın Səhiyyə Nazirliyi arasında bu məsələ müzakirə olunur. Bu yaxınlarda məsələni həll etmək üçün Misirdən nümayəndə heyəti Azərbaycan gələcək. Bundan əlavə, yaxın vaxtlarda Bakı ilə Qahirə arasında birbaşa təyyarə reysinin açılışı gözlənilir ki, bu da Azərbaycanla Misir arasındakı ticarət dövriyyəsinin artmasına səbəb olacaq.
- Misirdə Azərbaycan Dövlət Neft Akademiyasının filialının açılması ilə bağlı danışıqlar aparılırdı. Bəs, bu məsələ öz həllini tapdımı?
- Bəli, bu məsələ artıq öz həllini öz həllini tapıb. Gələn il Misirdə Azərbaycan Dövlət Neft Akademiyasının filialının açılışı olacaq. Bu filialda dərs demək üçün Azərbaycandan olan mütəxəssislər Misirə gedəcəklər. Keçən il Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə bu barədə razılıq əldə olunub. Bu məsələyə Təhsil Nazirliyi öz razılığını verib və hazırda filialın açılışı istiqamətində işlər gedir.
- Gələcəkdə Azərbaycanla Misir arasındakı əməkdaşlıqda nə kimi yeniliklər gözlənilir?
- Gələn ay Naxçıvanda "Nildən Araza doğru mədəniyyatlər dialoqu" adlı konfrans keçiriləcək. Həmin konfransda Misirdən gələn qonaqlar, ədəbiyyatşünaslar və alimlər iştirak edəcəklər. Bundan əlavə, dekabrda Azərbaycanda Misir Film Həftəsi təşkil edəcək. Hər il olduğu kimi bu il də ənənəvi olaraq keçirilən həftə çərçivəsində Misir filmləri nümayiş olunacaq. Sonda Azərbaycanla Misir arasında hazırkı əlaqələrin yüksək səviyyədə olduğunu bir daha qeyd etmək istəyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB