“Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” FOTO
Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları Ulu Öndərin, Azərbaycan Xalq Cümhuriyyətinin, müasir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Cümhuriyyət tarixindən bəhs edən film nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, 1918-ci il mayın 28-də yaradılan, müsəlman dünyasının ilk parlamentli respublikası kimi dünyanın demokratik dövlətləri tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində silinməz izlər buraxıb. Müasir müstəqil Azərbaycan bu Cümhuriyyətin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə qeyd olunması azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir.
Milli Məclisin deputatı Dilarə Cəbrayılova çıxışında bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunduğu İstiqlal Bəyannaməsinin qəbulundan sonra Cümhuriyyətin ilk parlamenti seçilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi təsdiqlənib, ana dili dövlət dili elan edilib. Həmçinin dövlət quruculuğu sahəsində əhəmiyyətli işlər görülüb, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmini üçün mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindəndir. Cümhuriyyətin elan edilməsi Azərbaycan xalqının həyatında çox böyük bir hadisə, milli siyasi qüvvələrin fəaliyyətinin zirvəsi oldu.
Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov çıxış edərək qeyd edib ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov diqqətə çatdırıb ki, xalqımızın qədim və zəngin dövlətçilik ənənələrinin yaşadılmasına, tarixi irs-varislik prinsiplərinə hər zaman böyük önəm verən ulu öndər Heydər Əliyevin minilliklərin burulğanından şərəflə keçərək günümüzə yetişən mədəni-mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə, müstəqillik ideallarına dərindən bağlılığı sayəsində milli yaddaşda xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dövrü özünün əsl qiymətini alıb. Məhz müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin dühası, dərin zəkası, qətiyyəti və əvəzsiz xidmətləri nəticəsində respublikamız müstəqilliyinin daimi və dönməzliyinə nail olub, beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi dünyada özünün layiqli yerini tutmuş, üçrəngli bayrağı əbədi olaraq yüksəklərə ucalıb.
Tədbirdə digər çıxışçılar da vurğulayıblar ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi və regionun lideri olan müstəqil Azərbaycan Ümummilli Liderimizin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün bütün sahələrdə xariqələr yaradır, yeni tərəqqi zirvələrini inamla fəth edir. Doğma Vətənimiz yeniləşmə və müasirləşmə mərhələsində günbəgün inkişaf edərək daha da qüdrətlənir. Dövlətimizin başçısı İlham Əliyevin dövlət müstəqilliyinin əbədiliyi naminə əzmkar və uğurlu fəaliyyəti, o cümlədən xalq-iqtidar vəhdəti və vətəndaş həmrəyliyi, davamlı iqtisadi yüksəliş və təhlükəsizlik, ölkənin ərazi bütövlüyünün bərpası və ordu quruculuğu, beynəlxalq nüfuzunun artırılması və digər sahələrdə əldə edilən möhtəşəm nailiyyətlər hər bir vətənpərvər soydaşımız tərəfindən hədsiz iftixar və sonsuz rəğbətlə qarşılanır.
Tədbirin sonunda YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup fəal diplom və fəxri fərmanlarla təltif ediliblər, YAP-a yeni üzv qəbul edilmiş şəxslərə
vəsiqələr verilib, yunan-Roma güləşi üzrə Avropa çempionatının qızıl medalçısı Eldəniz Əzizliyə və ikinci yerin qalibi Rasul Çunayeva, eləcə də bu il keçirilmiş qəbul imtahanlarında 700 bal toplamış Leyli Əhmədovaya hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB