Bahar Muradova: “Ermənistanın belə bir bəyanatları onu göstərir ki, biz nə qədər hiyləgər, çirkin bir düşmənlə üz-üzəyik” - MÜSAHİBƏ

Bahar Muradova: “Ermənistanın belə bir bəyanatları onu göstərir ki, biz nə qədər hiyləgər, çirkin bir düşmənlə üz-üzəyik” - MÜSAHİBƏ
Milli Məclisin vitse-spikeri Bahar Muradovanın SİA-ya müsahibəsi

- Bahar xanım, Ermənistan prezidentinin Moskvada xeyriyyə marafonu zamanı Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sərt bəyanatlar səsləndirməsi problemin həllinə maneələr yarada bilərmi?

- Hayastan təşkilatının rəhbərliyi ilə Moskvada keçirilən xeyriyyə marafonunda Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatlar Ermənistanın rəsmi siyasətinin iç üzünü bir daha ortaya qoyur. Belə ki, bu siyasət yenə də təcavüzə, ölkə torpaqlarının, konkret olaraq qonşu dövlətlərin və Azərbaycan torpaqlarının özünə birləşdirilməsinə, nə vasitə ilə olur-olsun bu torpaqların üzərində öz nəzarətini saxlamasına yönəldiyini bir daha sübut edir. Əslində bunu siyasət də adlandırmaq düzgün olmazdı. Çünki bu söz, məna və ifadə bütövlükdə siyasət sözünü gözdən salır. Ermənistan prezidentinin Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatlar onların çirkin məqsədlərindən, hədəflərindən, nəyin bahasına olursa -olsun əl çəkməyəcəyini göstərən bir bəyanatlardır. Ölkənin digər siyasətçilərinin sözlərindən qaçmağa bir yerləri olsa da, ölkə prezidentinin söylədiyindən qaçmaq mümkün deyil. Bu onun bütün mahiyyətini ortaya qoyur. Onların belə bir bəyanatla çıxış etmələri onu göstərir ki, biz nə qədər hiyləgər, çirkin bir düşmənlə üz-üzəyik. Belə bir düşmən çox təəssüf ki, bu cür siyasət yeritdiyi bir halda böyük dövlətlərin timsalında dəstək də ala bilir. Bu əlbəttə ki, təəssüfləndirici bir haldır. Mən hesab edirəm ki, Azərbaycan özünün yeritdiyi siyasətdə, bu günə kimi göstərdiyi qətiyyəti, mövqeyi daha da artıq ortaya qoymalıdır və qoyur. Biz torpaqlarımızı, nəyin bahasına olursa-olsun azad edəcəyik. Bu bəyanat Azərbaycanın bəyanatıdır.

- Buna cavab olaraq Azərbaycanın beynəlxalq təşkilatlara müraciət etməsi gözlənilirmi?

- Dekabrın 1-2 tarixlərində Astanada ATƏT-in növbəti sammiti keçiriləcək. Bu sammit qabağı ATƏT rəsmiləri, həmsədrlər, Rusiya bu istiqamətdə səylərini genişləndiriblər. Bilirik ki, prezidentlərin və onların nümayəndələrinin görüşləri intensiv xarakter alıb. Belə bir ərəfədə Ermənistan prezidentinin bu cür fikirlər səsləndirməsi, yürüdülən siyasətlə ayrı-ayrı məqama söykənən mövqenin fərqli olduğunun göstəricisidir. Ermənistan prezidenti öz ölkəsində hansı təzyiqlərlə üz-üzə qaldığını yaxşı bilir. Beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini möhkəmləndirə biləcək hansısa addımlar atılacaqsa və o buna imza atacaqsa, hansı təzyiqlərlə üz-üzə gələcəyini yaxşı dərk edir. Onun səsləndirdiyi bəyanatları da ehtiyatdan doğan bəyanatlar kimi qəbul etmək lazımdır. Dekabr ayında keçiriləcək sammitin əsas məsələlərindən birinin Dağlıq Qarabağ problemi olduğunu nəzərə alsaq, həmin tədbirdə qəbul olunan qərar bu istiqamətdə atılacaq növbəti addım ola bilər. Buna ciddi hazırlıqlar gedir. Mən düşünürəm ki, biz bu sammitdə və orada keçirilən danışıqlarda öz mövqeyimizə sadiq qalaraq bu məsələnin sülh yolu ilə həll olunmasında sadiqliyimizi ortaya qoymalıyıq. Yalnız bu tədbir çərçivəsində Ermənistanın bu və ya digər hərəkəti haqqında hansısa addımlar barədə məlumat verə bilərik. Mənə elə gəlir ki, biz bu ərəfədə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar əvvəlki mövqeyimizə sadiq olduğumuzu bir daha bəyan etməliyik. Bu sammitdə Ermənistanı sülhə məcbur etmək kimi qərarların qəbulu üçün yaxşı bir şans və imkanlar var. ATƏT rəsmiləri, ayrı -ayrı ölkələr və digərləri də səsləndirirlər ki, belə bir imkandan maksimum dərəcədə yararlanmaq lazımdır. Ən azı danışıqların prinsiplərini özündə əks etdirən sənədi razılaşdırmaq olar və ən azı bu sənədin razılaşdırılmasının özü növbəti mərhələyə bir addım olar. Bundan sonrakı atacağımız addımların nədən ibarət olacağını müəyyənləşdirmək üçün çox vacibdir. Ermənistanın topolantıya bir neçə gün qalmış belə bir bəyanatla çıxış etdiyini nəzərə alsaq, bu sənədin qəbul olunacağı ilə bağlı indidən bir söz söyləmək olmaz. Amma bu çərçivədə hansısa bir sənədin qəbul olunması üçün geniş imkanlar var. Əgər həmsədr ölkələr çox ciddi bir mövqe tutsalar və Ermənistanın konstruktiv mövqeyə dəvət etmək istiqamətində təzyiqlərini artıra bilsələr, o zaman sənədin razılaşdırılması mümkün ola bilər.

- Necə düşünürsüz, Ermənistanın bu addımının arxasında da kimlərinsə dayandığını söyləmək olarmı?

- Biz Ermənistanın bu məsələ ilə bağlı hansı məqamda atdığı addımlarının qarşısında kimin durduğunu çox yaxşı bilirik. Serj Sarkisyanın səsləndirdiyi bəyanatlar münaqişənin gərgin zamanında səslənsəydi, bu zaman onun arxasında Rusiyanın durduğunu heç kim inkar etməzdi. Amma indi Rusiya müstəqil dövlətdir. Rusiya rəsmilərinin, xüsusilə də prezidentinin timsalında səslənən bəyanatların qonşu ölkənin rəsmi siyasətindən fərqlənmədiyini düşünürəm. Mən düşünmək istəyirəm ki, bu mövqe bundan sonra da səsləndirildiyi kimi davam etdiriləcək. Əks halda Rusiya yaxın qonşuları ilə münasibətdə çox böyük uğursuzluqlarla üzləşə bilər. O mənada ki, Rusiya ən azı qeyri-səmimi bəyanatlar səsləndirən ölkə imici qazanmış olar. Mən çox inanmaq istiyərdim ki, Rusiya səslənirdiyi bəyanatların ardında da özünün rəsmi siyasətini ortaya qoyacaq və sonadək mövqeyində səmimi olacaq. Amma Ermənistanın zaman- zaman onun arxasında dayanan gücləri də aldatmaq mövqeyini ortaya qoyduğunun şahidi olmuşuq. Hazırda ATƏT-in həmsədr ölkəsi kimi Rusiyanın səmimi mövqe tutacağına inanmaq istərdim. Çünki bu Rusiyanın özünə də lazımdır. Amma hər halda biz Ermənistan öz ölkəsi daxilində əsası olmayan, çox zəif, xalq içərisində nüfuzdan düşmüş və siyasi qüvvələr tərəfindən dəstəklənmədiyi bir halda öz mövqeyini qorumaq naminə belə bəyanatlar səsləndirə bilər. Prezident İlham Əliyev tərəfindən belə bir fikirlər səslənib ki, Ermənistan hər zaman öz ölkəsində danışıqlar prosesindən tam fərqli olan mövqelərini səsləndirir. Onun indiki durumunu nəzərə alsaq, bunu anlamaq o qədər də çətin deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə