Müstəqilliyimiz dönməzdir, əbədidir, daimidir!

Müstəqilliyimiz dönməzdir, əbədidir, daimidir!

Prezident İlham Əliyev: “Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib”

Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan, müasir dövlətçilik tariximizdə önəmli yerə malik Azərbaycan Xalq Cümhuriyyəti özünün demokratik islahatları ilə müsəlman şərqinin mayakına çevrildi. 1918-ci il mayın 28-də elan edilən Cümhuriyyət cəmi 23 ay ömür sürməsinə baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm dəyişikliklərə təkan verdi. Belə ki, həyata keçirilən tədbirlər milli dövlətçilik ənənələrinin bərpasına gətirib çıxardı. Qısa bir vaxt ərzində Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət atributları yaradıldı - Dövlət himni, üçrəngli Dövlət bayrağı, Dövlət gerbi, milli valyuta və s. Silahlı Qüvvələrin formalaşdırılması da çox mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövr ərzində təhsilin, səhiyyənin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı ilə bağlı son dərəcə əhəmiyyətli tədbirlər həyata keçirdi. Dövlətin əsas atributlarından olan dil məsələsinə xüsusi önəm verildi, Azərbaycan dili dövlət dili elan olundu. Bir sözlə, qarşısına müstəqil, suveren və demokratik dövlət qurmaq kimi şərəfli vəzifə qoymuş milli hökumət çox qısa bir müddət ərzində xalqımızın milli mənlik süurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi

Lakin bir mühüm məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan, böyük siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Hələ Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə xalqa müraciət edən Ulu Öndər Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi: "Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir".

1920-ci ildə Cümhuriyyətin varlığına son qoyulsa da müsəlman şərqində ilk demokratik respublika olaraq bugünkü güclü dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi və onu gələcəyə miras qoydu. 1991-ci ildə xalqımız özünün dövlət müstəqilliyini bərpa etdi, Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövlətini yaratdı.

İlk vaxtlar hakimiyyətdə olan siyasi qüvvələrin səriştəsizliyi az qala yenicə qazanılmış müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Baş alıb gedən siyasi və iqtisadi böhran, hərc-mərclik ölkəni uçuruma sürükləyirdi. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görə bilmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən təcrid etdilər. Problemlər baş alıb gedirdi, həmin problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu insanda var idi, ümidlər yalnız ona idi.

Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir

1993-cü il iyunun 15-də yenidən hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev öz siyasi uzaqgörənliyi, güclü iradəsi və zəngin dövlətçilik təcrübəsinə arxalanaraq böhrandan çıxış yollarını müəyyənləşdirdi. Atdığı qətiyyətli addımlar nəticəsində ölkədə tüğyan edən özbaşınalıq aradan qaldırıldı, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Təcavüzkar düşmənlə atəşkəs sazişinin bağlanmasından sonrakı şərait dövlət quruculuğu işlərinə başlamaq üçün əlverişli imkan yaratdı...

"Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir" - xalqımızın dilində artıq zərb-məsələ çevrilmiş bu kəlam böyük həqiqətləri özündə əks etdirir. Bu gün Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi əldə etdiyi bütün uğurlar dövlət müstəqilliyinin bəhrəsidir. "... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir", - deyən Ümummilli Liderimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu belə dəyərləndirmişdir. Həmin dövrdə əsası qoyulmuş ideyalar sonralar bərpa olunmuş müstəqillik dövründə Heydər Əliyevin müdrik siyasəti və gərgin əməyi nəticəsində reallığa çevrilməyə başlamışdır.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil vətənimiz sürətlə inkişaf edir. Regional əməkdaşlıq sahəsində ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr uğurla icra olunur. Energetika, nəqliyyat, həmçinin humanitar sahələrdə bütün təşəbbüslər regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Bütün ölkələrlə qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə xidmət edən xarici siyasət kursu müsbət nəticələrini verməkdədir.

Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dünya miqyaslı tarixi hadisə adlandırıb: "Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır".

Möhtərəm dövlət başçımız həmçinin vurğulayıb ki, bu il xalqımız Xalq Cümhuriyyətinin 100-cü ildönümünü böyük qürur hissi ilə qeyd edir və edəcək: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”.

Dövlət başçısı deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi: “Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil və müasir Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir. Bunu nəzərə alaraq mən 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcəkdir”.

Beləliklə, tam əminliklə vurğulaya bilərik ki, bu gün Azərbaycan xalqı öz azadlıq ideallarının davamlılığına tam əmindir. Çünki Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir. Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin sükanı arxasında inamla, qətiyyətlə dayanıb və xalqımız Onun ətrafında daha da sıx birləşərək, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, inkişafında inamla addımlayır.

Nəriman Əliyev,

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə