1991-ci ildə əldə olunan müstəqilliklə bərabər ölkənin başını qara buludular aldı. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların mübarizə aparması və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verirdi və söz azadlığı, fikir prülarizmi kimi mövhumlar Azərbaycana yad meyarlara çevrilmişdi. İstər Həsən bəy Zərdabi dövründən miras qalan, istərsə də Ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı. Millətin gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist adına ləkə vurulması ilə də nəticələnirdi. Hətta bu gün belə mübarizə aparılan, jurnalistikanın ən ağrılı yeri sayılan reket jurnalistikası da məhz o günlərdən bizə qalan yadigardır. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyyata satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü iln aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəcam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Bu problemlər, dəhşətlər Azərbaycan mətbuatının bərbad hala düşməsinə gətirib çıxarmışdı...
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir prülarizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənsinin davam etdirilməsinə yol açdı.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: "Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir".
1998-ci ilin 6 avqustunda imzalanan "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində əsl inqilab xarakteri daşıyırdı. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Ölkəmizdə azad sözün inkişafı tarixi də məhz 1998-ci ilin 6 avqustundan başlayır. Ümummilli liderimiz Heydər Əliyev bu Fərmanla Azərbaycanda demokratik prinsiplərin, azad sözün qorunması istiqamətində bir tarix yaratdı. Məhz bu tarix günümüzdə azad mətbuatın inkişafında müstəsna əhəmiyyətə malikdir. Bundan başqa, mətbuatda dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı.
Qeyd etmək lazımdır ki, həmin dövrdə Azərbaycanda senzuranın ləğv olunması haqqında Fərmanın imzalanması həmin dövr üçün inanılmaz addım idi. Bu çox böyük siyasi iradə tələb edirdi. Belə bir missiyanı Ulu öndər Heydər Əliyev həyata keçirdi. Ulu öndər Heydər Əliyev bu qərarı verməklə böyük siyasi iradə nümayiş etdirdi. Bununla da, Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Məhz senzuranın ləğvindən sonra jurnalistlərin öz peşələrinə münasibətdə məsuliyyəti də artdı. Çünki senzura yaradıcı insanlar üçün bir buxov idi. 6 avqust Fərmanı həm də o dövrdə post-sovet məkanında ilk olaraq Azərbaycan mətbuatının dövlət nəzarətindən çıxmasına şərait yaratmışdı. Yəni, bu məzmunlu Fərman yeganə olaraq Azərbaycanda verilmişdi. Bu Fərmandan sonra sözün əsl mənasında mətbuatın inkişafı dövlət qayğısı ilə əhatə olundu. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci il martında Ulu öndərin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bundan başqa, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, qəzetlərə dövlət tərəfindən birdəfəlik yardımlar verildi. Bu addımlar ölkədə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, azad sözün inkişafına öz töhfəsini verdi.
Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının daha da genişləndirilməsinə xidmət göstərən addımlar, o cümlədən mətbuatın inkişafı istiqamətində göstərilən qayğı xüsusi olaraq dəyərləndirilməlidir. Belə ki, məhz Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları dövlət büdcəsi hesabına ödənildi, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olundu, kütləvi informasiya vasitələrinə maddi yardımlar edildi. 2008-ci ilin 31 iyulunda imzalanan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası mətbuat-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsində müstəsna rola malik oldu. 2009-cu ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması ilə bağlı imzalanan Fərman mətbuatın dövlət dəstəyindən bəhrələnərək müstəqil inkişafını təmin etdi.
Təbii ki, görülən tədbirlər təkcə bununla məhdudlaşmır. Məlum olduğu kimi, məhz cənab Prezidentin diqqəti sayəsində bu il milli mətbuatımızın 135 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. İyun ayının 10-da Azərbaycan milli mətbuatının 135 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzalanmış Sərəncama uyğun olaraq, həm Bakıda, həm də respublikamızın bölgələrində yüksək səviyyəli tədbirlər keçirilmiş, media ilə ictimaiyyət arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətli addımlar atıldı. İyul ayının 22-də isə milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə 92 nəfər həmkarımız müxtəlif dərəcəli dövlət mükafatları ilə təltif olundu. Bununla bərabər, mətbuat orqanlarının maddi - texniki təminatının yaxşılaşdırılması məqsədilə 40 KİV-ə birdəfəlik yardım ayrılması dövlət başçısının bu sahəyə olan diqqətinin bariz nümunəsidir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün mənzillərin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılması da dövlətin media sahəsində çalışanlara münasibətini nümayiş etdirdi. Prezident İlham Əliyev bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti, diqqəti ortaya qoydu. Davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti mətbuatın problemlərinin həllində mühüm yer tutur: "Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB