Sel Zaqatalada fəsadlar törədib

Sel Zaqatalada fəsadlar törədib

Zaqatalada küləklə müşahidə olunan leysan yağışlar bir sıra fəsadlar törədib. SİA-nın məlumatına görə, mayın 11-i günün ikinci yarısından başlayaraq şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürür.

Külək nəticəsində Zaqatala şəhərinə yaxin kəndlərin inzibati ərazisində bir sıra yerlərdə ağac budaqları və elektrik naqilləri qırılıb. Axşam saatlarına yaxın Zaqatala Paylayıcı Elektrik Şəbəkəsində yüksək gərginlikli yağ açarını ildırım vurub. Nəticədə rayon mərkəzinə və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlara yağan leysan yağışları nəticəsində Tala çayında suyun səviyyəsi qalxıb. Nəticədə çayın sağ sahilində yerləşən Yolayrıcı, Höytala, Böhtala kəndlərinin ümumilikdə 100-dən yuxarı həyatyani sahələrini su basıb. Ev quşları arasında tələfat var, bir neçə sakinin xırdabuynuzlu heyvanını su aparıb, meyvə və tərəvəz bağlarına ziyan dəyib. Əkin sahələri su altında qalıb.

Rayon Föqəladə Hallar Komissiyasının üzvləri və müvafiq qurumlar sel sularının fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə