Laçında yubiley tədbiri keçirilib

Laçında yubiley tədbiri keçirilib

YAP Laçın rayon təşkilatı Laçın rayon icra hakimiyyəti ilə birgə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən Laçın rayon icra hakimiyyəti binasının qarşısında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü ziyarət olunaraq, önünə gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları qəsəbə ərazisindəki Heydər Əliyev adına Parkda həmişəyaşıl ağaclar əkiblər.

Laçın rayon icra hakimiyyətinin iclas zalında davam etdirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirdə çıxış edən Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli Ümummilli Liderin keçdiyi şərəfli həyat yolundan və çoxşaxəli fəaliyyətindən danışaraq, məhz dahi Şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını bildirib.

Tədbirdə Laçın rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev Ümummilli Lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolu ilə bağlı məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxışlar dinlənilib. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyev strategiyasının müstəqil Azərbaycanın inkişaf yolu olduğunu, bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Laçın rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, məktəblilər və gənclər arasında keçirilən futbol və voleybol yarışlarının qaliblərinə kubok, Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə