İzmirdə Azərbaycanla bağlı iki mühüm tədbir keçirilib

İzmirdə Azərbaycanla bağlı iki mühüm tədbir keçirilib

İzmir Böyükşəhər Bələdiyyəsinin və Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə İzmirdə - Narlıdərə bələdiyyəsi sahilində, 47 hektar ərazidə Bakı parkının açılış mərasimi keçirilib. Mərasimdə İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Əziz Qocaoğlu, İzmirdə Narlıdərə Bələdiyyəsinin sədri Abdül Batur, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Qardaşlıq və İşbirliyi Cəmiyyətinin rəhbəri Asif Qurban, ziyalılar, İzmirdə yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurban Azərbaycan və Türkiyənin dost, qardaş ölkələr olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, belə bir əlamətdar tədbirin keçirilməsi mühüm əhəmiyyətə malikdir. "Bakının mərkəzində İzmir parkı var. İzmirdə Bakı parkının açılışının olması əlamətdar hadisədir", - deyə A.Qurban əlavə edib.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim isə deyib ki, dostluq və qardaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır. Ölkələrimiz arasında münasibətlərin inkişafının məmnunluq doğurduğunu deyən səfir diqqətə çatdırıb ki, ölkələrimizin möhkəm dostluq və qardaşlıq münasibətləri nümunəvi xarakter daşıyır və sarsılmazdır.

Daha sonra çıxış edən SOCAR ENERJİ TÜRKİYƏ şirkətinin baş direktorunun müavini Gülmirzə Cavadov Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, eləcə də enerji sahəsində uğurlu və səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu deyib.

İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Aziz Kocaoğlu iki qardaş ölkənin münasibətlərinin dünya üçün nümunə olduğunu bildirib. İzmirdə Bakı parkının açılışının olmasını əlamətdar hadisə adlandıran A.Kocaoğlu münasibətlərin inkişafına xidmət edən bütün addımların təqdirəlayiq olduğunu deyib.

Mərasimdə parkda yer alan guşələrdən bəhs edən film nümayiş olunub. Azərbaycan əsilli şair Tuğrul Kəskin Bakı və İzmiri vəsf edən şeirlər səsləndirib.

Mayın 7-də isə İzmirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar "Dokuz Eylül" Universitetinin İqtisadi İdarəetmə Elmləri fakültəsində "Azərbaycan-Türkiyə münasibətləri və regional təhlükəsizlik" mövzusunda panel iclası keçirilib. Panel iclası Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti, Maliyyə Klubu və SOCAR Türkiyə şirkəti tərəfindən təşkil edilib.

İclasdan əvvəl Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurban İzmirdə yerləşən Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət ediblər.

Moderatorunun fakültə dekanı, professor Kamil Tuğen olduğu panel iclasında açılış nitqini Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurban və SOCAR ENERJİ Türkiyə şirkətinin baş direktorunun müavini Gülmirzə Cavadov söyləyiblər. Çıxışlarda bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin regional təhlükəsizliyə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb.

Panel iclasında həmçinin Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Cavid Vəliyev çıxış edib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyənin birgə reallaşdırdıqları enerji və nəqliyyat layihələri iki ölkə arasında yüksək münasibətlərin daha bir mühüm təzahürüdür. Türkiyə-Azərbaycan əməkdaşlığı regionun gələcəyi üçün olduqca faydalı perspektivlər yaradır.

İclasdan əvvəl Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurban İzmirdə yerləşən Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə