Oğuz rayonunda Heydər Əliyevə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Oğuz rayonunda Heydər Əliyevə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Oğuz rayon Mədəniyyət Mərkəzində elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyaraq, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konfransı giriş sözü ilə açan Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov qeyd edib ki, bu gün xalqımız bütün həyatını Azərbaycan xalqının tərəqqisinə, yüksəlişinə və inkişafına həsr etmiş, Ümummilli Liderimiz, türk dünyasının Böyük Oğlu, dünya miqyaslı siyasətçi Heydər Əliyevin anadan olmasının 95 illik yubileyini təntənəli şəkildə böyük qürür hissi ilə qeyd edir. E.Qurbanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, keçdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən geniş söz açaraq, bu zəngin irsin təkcə xalqımız deyil, bütün bəşəriyyət üçün böyük töhfə olduğunu qeyd edib. Rayon icra hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsindəki fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, dünya tarixində elə şəxsiyyətlər var ki, onlar təkcə öz xalqına, millətinə deyil, bütün bəşəriyyətə mənsub olublar. Məhz həmin şəxslərdən olan zəmanəmizin ən görkəmli simalarından biri, siyasi hakimiyyətin zirvəsində duran Ümummilli Lider Heydər Əliyev xalqımızın milli sərvəti, Azərbaycanın bəxtinə düşmüş tanrı payıdır:«Onun qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas böyük istedadı bizim hamımıza, onun müasirlərinə və həmvətənlərinə dərin təsir bağışlamış, Heydər Əliyev şəxsiyyəti milyonlarla insanın sevimlisi və idealına çevrilib. Onun gördüyü bütün işlər və söylədiyi fikirlər insanda heyrət doğurur. Xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olunmaq hüququ, doğma xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırmışdır».

Sonra YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov "Müstəqil Azərbaycan Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir", Oğuz rayon Mərkəzi Xəstəxanasının baş

həkimi Anar Əzizov "Heydər Əliyev və Azərbaycan səhiyyəsi", Oğuz rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şaiq Rüstəmov "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra respublika ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən "Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş ən yaxşı təqdimat" müsabiqəsində II yerə layiq görülmüş Oğuz şəhər 2 saylı tam orta məktəbin şagirdi Əsmər Sərkərova, eləcə də rayonun ümumtəhsil məktəbləri arasında keçirilmiş kross qaçışı, güləş yarışı və velosiped yarışı qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə