“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbir keçirib

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbir keçirib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Heydər Əliyev şəxsiyyətindən, liderə olan ümumxalq məhəbbətindən, Azərbaycanda yaşayan müxtəlif millətlərin görkəmli siyasətçiyə böyük hörmətlə yanaşmasından, vaxtilə Azərbaycanda yaşamış yəhudilərin bu gün onu necə böyük səmimiyyətlə xatırlamalarından danışıb. Yeganə Salman İsrail Yazıçılar Birliyinin üzvü M.Salmanın Heydər Əliyevə həsr etdiyi “Liderə” şeirini oxuyub.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Lev Spivak Heydər Əliyevin həyat və fəaliyyəti haqqında “Öndər” kitabını təqdim edib. “Vestnik Kavkaza” analitik-informasiya agentliyi tərəfindən buraxılmış kitab fotoşəkillərdən, sənədlərdən və müxtəlif ölkələrin siyasətçilərinin xatirələrindən ibarətdir. Bu xatirələr sırasında İsrailin mərhum prezidenti Şimon Peresin vaxtilə yazmış olduğu fəsil də var. O, Heydər Əliyevin dərin zəkasını, müdrik və uzaqgörən siyasətini, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında əvəzsiz rolunu xüsusi vurğulayıb.

Lev Spivak rus və ingilis dillərində “Öndər” kitabını Afula şəhərinin vitse-meri, İsrail Dövlətinin vaxtilə Azərbaycanda səfiri olmuş Mixail Barkana və Afula Mərkəzi Şəhər Kitabxanasının direktoru İlana Braslavskayaya da təqdim edib.

Sonra beynəlxalq şərhçi və jurnalist Vladimir Suxoyun “Şəxsiyyətin cazibəsi” sənədli filmi nümayiş etdirilib. Filmdə Heydər Əliyevi yaxından tanıyan məşhur siyasətçilərin, yazıçıların, artistlərin onun qeyri-adi insani keyfiyyətləri, o cümlədən son dərəcə xeyirxahlığı, diqqətcilliyi, qayğıkeşliyi və güclü yumor hissi ilə bağlı xatirələri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə