Şuşadan olan şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

Şuşadan olan şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

Mayın 8-də Şuşanın işğalından 26 il ötür. Abşeron rayonunda məskunlaşan şuşalı şəhid ailələri ilə keçirilən görüşdə erməni işğalının acı nəticələrindən, məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışılıb, Azərbaycan Ordusunun doğma torpaqlarımızı tezliklə yağı düşməndən təmizləyəcəyi günün uzaqda olmadığına əminlik ifadə edilib.

Xəbər verilir ki, rayon icra hakimiyyətinin konfrans zalında keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Şuşanın Azərbaycan tarixində və mədəniyyətində oynadığı roldan söz açıb. Sovet İttifaqı dövründə Şuşanın tarixinin ermənilər tərəfindən saxtalaşdırıldığını vurğulayan İ.Gülməmmədova diqqətə çatdırıb ki, işğal zamanı bu qədim şəhərin maddi-tarixi abidələri, sənət əsərləri dağıdılıb, talan olunub və məhv edilib.

Bildirilib ki, Azərbaycan əsgəri işğal altındakı bütün torpaqlarımızı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad edəcək, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

Şuşadan olan şəhid ailələri doğma yurdlarına dönəcəklərinə əminliklərini bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşün sonunda şəhid ailələrinə maddi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə