Mayın 8-da Moskvadan olan bir qrup turist “Yaşıl çay” FT MMC-yə baş çəkiblər. Qonaqlar müəssisənin çay plantasiyasına, tut bağına və cari ildə ilk dəfə barama istehsal ediləcək kümxanası ilə tanış olublar. Turistlərə təsərrüfat barədə ətraflı məlumat verilib. Bildirilib ki, sovetlər dönəmində Azərbaycanda ilk çayçılıq təsərrüfatı İstisu qəsəbəsində olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda ölkə rəhbərliyinin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. 2006-cı ildə yaradılan “Yaşıl çay” fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi vardır. 2012-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” və “Azərbaycan-1” sortlarından ibarət çay plantasiyaları salınıb. Hazırda təsərrüfatın 70 hektara yaxın çay plantasiyası mövcuddur. Məlumat verilib ki, plantasiyalara qulluq zamanı kimyəvi vasitələdən istifadə edilmir, mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə edilir, bu səbəbdən də burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən təmizliyi ilə seçilir, hazırda təsərrüfatın emal sexində 16 növdə çay istehsal edilir.
Müəssisənin mətbuat katibi Sərraf Talıbov qonaqları maraqlandıran suallara ətraflı cavab verərək ölkəmizdə aqrar sahənin inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. Vurğulayıb ki, dövlətimiz torpaq sahiblərini torpaq vergisindən savayı, bütün vergilərdən azad edib. Həmçinin hər əkilən hektara görə fermerlərə subsidiyalar verilir, alınan mineral gübrələrə, yanacağa 70 faiz güzəşt tətbiq edilir. “İnvestisiya təşviqi sənədi”nin verilməsi ilə sahibkar bütün vergilərdən azad edilir. Çay haqqında xüsusi dövlət proqramı qəbul edilib. Qeyd edib ki, may ayının 5-də çay yığımının başlanması münasibətilə burada ümumrayon bayram tədbiri keçirilib.
Daha sonra rusiyalı qonaqlar təsərrüfatın tut plantasiyası və bu il istifadəyə verilən müasir kümxana ilə tanış olublar.Qonaqlar və onları müşaiyət edən turizm təşkilatının nümayəndəsi onlara göstərilən diqqətə görə minnətdarlığlarını bildiriblər.
Aqoturizmin inkişafı baxımından belə gəzintilərin gələcəkdə təsərrüfata böyük xeyir gətirəcəyi xüsusi vurğulanıb.
Sonda qonaqlarla plantasiya önündə xatirə şəkili çəkdirilib.
Sərraf Mİrsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB