DSX-nin bütün hərbi hissələrində Ulu Öndərə həsr edilmiş tədbirlər keçirilir FOTOLAR

DSX-nin bütün hərbi hissələrində Ulu Öndərə həsr edilmiş tədbirlər keçirilir FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində silsilə tədbirlər, elmi-praktiki konfranslar keçirilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilir. SİA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, 07 may 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının millət vəkilləri Musa Qasımlı, Aydın Mirzəzadə, Jalə Əliyeva və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak ediblər.

Konfrans iştirakçıları ilk öncə Sahil Mühafizəsinin Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin büstü önünə gül dəstələri qoyub və Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olublar.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışıblar.

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə