Şuşanın işğal tarixindən 26 il ötür
Tarixi zənginliyi, əsrarəngiz təbiəti ilə seçilən, xalqın mədəniyyətinin, musiqisinin beşiyi sayılan, Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan, "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılan Şuşanın işğal tarixindən 26 il ötür. 1992-ci ilin 8 may tarixində təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Şuşanın işğal tarixini XXI yüziillikdə bəşəriyyətin sivil dəyərlərinin yaşadığı zamanda qeyd edirik. Bu gün yadlar tapdağında olan Şuşa sükuta qərq olub. Bu sükutu yaşadan isə köçəri, yersiz, tarixsiz ermənilərin olması heyrət doğurmaya bilməz. Bu gün qapıları üzümüzə bağlı olan Şuşa həsrət dolu baxışlarla öz əsil-nəcabətli, tarix boyu burada yaşayıb və bu məkanı qurub-yaradan insanların yolunu gözləyir. O insanların ki, qəhrəmanlıq, igidlik və qeyrət tarixini torpağa qanları ilə həkk ediblər. Tarix yazılır və zaman-zaman oxunur. Əgər bu tariximizi yazmayıb unutsaydıq, sözsüz ki, erməni xəyanətinin nəticəsi kimi Şuşa kimi möhtəşəm şəhərin XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olduğunu bilməzdik. Ötən əsrin əvvəli 1905-1907-ci illərdə Şuşa şəhəri ermənilər tərəfindən hücuma məruz qaldı və yandırıldı. 1920-ci ildə şəhərin xeyli hissəsi ermənilər tərəfindən dağıdıldı. 3-cü dəfə 1992-ci ilin mayında ermənilər bu şəhəri tamamilə işğal etdilər.
Heç kəsin Şuşanın işğalını təsəvvürünə gətirmədiyi halda, Şuşanın işğalına gedən yol Meşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan və Xocalıdan keçdi. Şuşa 1992-il mayın 8-də erməni və rus hərbi birləşmələri tərəfindən işğal edildi. Tarixin bu yaddaş səhifəsini hər bir azərbaycanlı yaddaşına həkk etməlidir. İşğal zamanı 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu.
Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən, Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşid Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən, Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talayıb və məhv ediblər. Ermənilər insanlığa sığmayan vəhşiliyə də əl atıblar: Üzeyir Hacıbəyli, Bülbül və Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini belə güllələyiblər.
Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Bu, Şuşanın bugünü və keçmişi ilə bağlı olan tarixindən kiçik bir səhifədir. Böyük tarixə yeni saxta tarix yazmaq elə də asan deyil. Bu böyük tarixdə bir güc var, qəhrəmanlıq var. Şuşa müqəddəs bir şəhərdir. Bu işğal tarixi müvəqqətidir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, ölkənin gücü, iqtisadi inkişafı, dünya birliyində yeri və milli ordusu şuşalıları Şuşaya qaytaracaq.
Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, "Şuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur". Bunun başqa bir yolu yoxdur. Ermənilər Şuşanı müvəqqəti işğal etsələr də, kəndlərinə yalançı adlar qoyub, özünküləşdirməyə cəhd etsələr də, bu, utopiya olaraq qalacaq. Zaman ən böyük hakimdir. Ümummilli Lider Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsinə çalışmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə, Hərbi-Dəniz Donanması və Quru Qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq gücündədir. MDB çərçivəsində Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin "Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır" - fikrini ifadə etməsi, məhz bu gerçəkliklərdən qaynaqlanır. Azərbaycan tərəfi açıq bəyan edib ki, sülh danışıqları nəticə verməzsə, münaqişə hərb yolu ilə həll ediləcəkdir.
Azərbaycan tarixinə yazılan aprel döyüşləri Azərbaycan Ordusunun gücünü ortaya qoymuş oldu. Ermənilərin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgəri düşmənə ərazilərimizə qarşı hərbi təcavüz siyasətinin davam etdirildiyi illərin ən sərt cavabını verərək, ən ağır zərbəsini vurdu. Azərbaycanın getdikcə artan qüdrətini və gücünü düşmən qovulduğu yüksəkliklərlə və verdiyi tələfatlarla gördü.
İndi Azərbaycan dünya səviyyəsində böyük hörmətə malik olan ölkə kimi tanınır. Azərbaycanın iqtisadi potensialı və hərbi gücü, onu deməyə əsas verir ki, işğal altında olan torpaqlarımızın azad olacağı gün uzaqda deyil. Bu, qaçılmaz reallıqdır. "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar" - deyən Prezidentin bu fikirləri Azərbaycan həqiqətlərinə söykənir: "Biz bu illər ərzində böyük dərəcədə güclənmişik. Biz güclü hərbi potensial yaratmışıq. Bundan sonra, növbəti illərdə Ermənistan ilə Azərbaycan arasındakı fərq ancaq böyüyəcəkdir. Bu fərq hər yerdə özünü göstərir - iqtisadiyyatda, ölkələrimizin siyasi çəkisində, beynəlxalq dəstəkdə, hərbi potensialda və eyni zamanda, demoqrafik göstəricilərdə".
Erməni faşistləri zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən, doğma Şuşamızı sülh yolu ilə tərk etməsələr, Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək, öz torpaqlarını azad edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev işğal altında olan torpaqlarımızın geri qaytarılacağını çıxışlarında əminliklə qeyd edir: "Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik və səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Bəli, bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və heç şübhəsiz ki, belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Dağlıq Qarabağda dalğalandırmağa qadirdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artıb.
Təbii ki, işğal altında olan torpaqlarımız işğalçılardan azad ediləndən sonra, bütün torpaqlarda, o cümlədən, Şuşada yeni inkişaf dövrü yaşanılacaq.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB