Sabunçu rayonunda ağacəkmə aksiyası keçirilib

Sabunçu rayonunda ağacəkmə aksiyası keçirilib

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş ağacəkmə aksiyasında 500-dən artıq ağac əkilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib. Aksiyada YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova və rayon partiya təşkilatının fəalları iştirak ediblər.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, hər il ölkəmizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü münasibəti ilə müxtəlif məzmunlu tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib: "Ulu Öndərin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur. Ulu Öndər bütün sahələrdə olduğu kimi, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, yaşıllaşdırmanı, ətraf mühitin mühafizəsini və təbii sərvətlərdən səmərəli istifadəni də xüsusi diqqətdə saxlamışdır".

M.Abasquliyeva Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarların, qanunların ölkəmizin təbiətinin sağlamlığına, yaşıllaşdırılmasına böyük təkan olduğunu bildirib: "Ulu Öndər çıxışlarının birində qeyd edib ki, hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir: "Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...". Ulu Öndərimizin müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev təbiətə qayğısını da daim diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycanın mənzərəsi dəyişib, ölkəmiz, paytaxt Bakı günü-gündən yaşıllaşır, gözəlləşir.

Aksiyada 500-dən çox şam ağaçı və digər növ ağaclar Bakıxanov qəsəbəsi ərazisində əkilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə