SİA-nın komandası atıcılıq turnirində yüksək nəticə göstərdi - YENİLƏNİB - SƏS TV

SİA-nın komandası atıcılıq turnirində yüksək nəticə göstərdi - YENİLƏNİB - SƏS TV

Bugün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mətbuat nümayəndələri arasında beşinci atıcılıq turniri keçirib. "Səs" İnformasiya Agentliyinin (SİA) komandası yüksək nəticə göstərərək 129 xalla 2-ci yer tutub. SİA xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində KİV-in rolunun artırılmasıdır.

Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilən turnirdə hər biri üç nəfərdən ibarət 14 komanda iştirak edib.

Turnirin açılışında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, Ulu Öndərin mətbuata diqqət və qayğısından danışıb. Bildirib ki, media nümayəndələri arasında artıq ənənəvi olaraq təşkil edilən bu yarışlar, eyni zamanda, jurnalistlərin Xidmətin fəaliyyəti ilə yaxından tanış olmasına və əməkdaşlıq imkanlarının artmasına şərait yaradır. Bu turnir artıq beşinci ildir təşkil olunur. Bu il, eyni zamanda, turnirin yubileyi olduğundan yarış xüsusi əhəmiyyət kəsb edir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışan Z.Abdullayev diqqətə çatdırıb ki, müasir müstəqil dövlətçiliyimizin memarı olan Ulu Öndərin gərgin əməyi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb, ölkəmiz bütün sahələrdə dinamik inkişaf yoluna çıxarılıb, ordu quruculuğu prosesinin əsası qoyulub. Bu sahədə həyata keçirilən bütün tədbirlərin, görülən işlərin işıqlandırılmasında və təbliğində mətbuat mühüm rol oynayır.

Sonra turnirə start verilib. İki mərhələdə keçirilən yarışda AZƏRTAC-ın komandası 143 xalla birinci yeri tutub. “Səs” İnformasiya Agentliyinin komandası 129 xalla ikinci, “APA TV”nin xəbər agentliyinin komandası isə 119 xalla üçüncü olublar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev qalibləri təbrik edib.

Turnirin sonunda qaliblər mükafatlandırılıb. “Səs” İnformasiya Agentliyinin komandasına medallar və diplomlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə