Yunus Oğuz: "Bu gün Azərbaycan mediası yüksəliş dövrünü yaşayır" AÇIQLAMA

Yunus Oğuz: "Bu gün Azərbaycan mediası yüksəliş dövrünü yaşayır" AÇIQLAMA

“Media hər zaman “dördüncü hakimiyyət” olub. Media ictimai yükə malikdir. Çünki, insanlar bütün xəbərləri mediadan alır”. Bu fikirləri SİA-ya açıqlamasında “Olaylar” qəzetinin Baş redaktoru Yunus Oğuz deyib.

O bildirib ki, bu gün Azərbaycanda yazılan yazılara dərhal reaksiyanın verilməsi onun gücündən xəbər verir: "Yadınızdadırsa, ötən il jurnalistlərə mənzillərin verilməsi mərasimində Prezident İlham Əliyev söylədi ki, “mən mənfi xəbərləri sizdən alıram. Siz çox yazın ki, mən də onlara əsasən lazımi ölçünü götürüm”. Ölkə başçısının bu fikirləri medianın gücünün göstəricisidir”.

Azərbaycanda müəyyən zaman kəsiyində medianın zəiflədiyini deyən baş redaktor söyləyib ki, bu, reket jurnalistikanın kifayət qədər artması ilə bağlı idi: “O zaman reket jurnalistikası ilə mübarizə metodu olmadığı üçün, insanlar fikirləşirdirlər ki, media yalnız pul qopartmaq üçündür. Amma sonradan buna qarşı aparılan mübarizələr, qəzetlər arasında ələnmələrin getməsi nəticəsində media yüksəlməyə doğru getdi. Bu gün də media yüksəliş dövrünü yaşayır”.

Y.Oğuz qeyd edib ki, bəziləri düşünür ki, media anarxiya olmalı, qanunlara riayət etməməli, bir növ demokratiyanın əsas meyarı olmalıdır: “Demokratiyanın meyarı qanunlar olmalı, media da bu qanunlar çərçivəsində fəaliyyət göstərməli, ondan kənara çıxmamalıdır. Əgər media qanundan kənar çıxırsa, kimlərəsə hədə-qorxu gəlirsə, bu artıq media deyil, qanun pozuntusudur. Demokratiyanın meyarı qanunlardır. Bu qanunları da insanlara media başa salır”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günüdür. Bu, 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə qəbul olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə