Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini uğurla davam etdirir. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, aprelin 29-da Xidmətin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində dörd əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Hadisə Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozarkən dörd sərhəd pozucusu saxlanılıb.
Araşdırma zamanı Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hindistan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəllüdlü Sinqh Suxdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyən edilib. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 mobil telefon, 4 pasport, 2 simkart, 3 kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pakistan rupisi aşkarlanıb.
Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan Respublikası ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələrinə getmək məqsədilə dövlət sərhədini pozaraq Gürcüstan ərazisinə keçməyə cəhd göstərmələri müəyyən edilib.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB