YAP Nəsimi rayon təşkilatı ağacəkmə aksiyası keçirib

YAP Nəsimi rayon təşkilatı ağacəkmə aksiyası keçirib

"Hər birimiz bir ağac əkək" aksiyası Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş "Hər birimiz bir ağac əkək" adlı ağacəkmə aksiyası keçirilib. Zığ dairəsi - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilən aksiyada 300 nəfərdən artıq partiya fəalı iştirak edib.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi ki, hər il ölkəmizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü münasibəti ilə müxtəlif məzmunlu tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib: "Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir. Ulu Öndərin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur".

M.İbrahimqızı diqqətə çatdırdı ki, artıq respublikamızda ənənəyə çevrilmiş ağacəkmə aksiyasının məqsədi, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti İDEA-nın rəhbəri Leyla xanım Əliyevanın ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi əhəmiyyətli və böyük layihələrə dəstəkdir. Rayon təşkilat sədri bildirib ki, Bakıda, o cümlədən, Abşeron yarımadasında meşə zolaqlarının salınmasında ictimai xadim, coğrafiyaşünas alim, akademik Həsən Əliyevin misilsiz xidmətləri olub və meşə zolağının, zeytunluğun salınmasında xüsusi rol oynayıb.

Aksiya zamanı müxtəlif növdə 2 minə yaxın ağac əkilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə