Elçin Mirzəbəyli: “Buna görə məni kimsə qınaya bilməz”” MÖVQE

Elçin Mirzəbəyli: “Buna görə məni kimsə qınaya bilməz”” MÖVQE

“Mən "Formula 1" yarışını sevmirəm. Ümumiyyətlə, avtomobillə bağlı olan idman növlərinin heç birini xoşlamıram. İnsanın sağlamlığına, əhval-ruhiyyəsinə, həyat tərzinə, dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına xidmət edən bütün idman növlərini sevirəm, böyük məmnuniyyətlə belə idman növləri ilə bağlı yarışları izləyirəm. Bədii gimnastika, İdman gimnastikası, akrobatik gimnastikanı, fəlsəfəsi olan döyüş idman növlərini, güləş, futbol, basketbol, voleybol, üzgüçülük yarışlarına usanmadan saatlarla tamaşa edə bilirəm. Amma mənim idmanla bağlı zövq çərçivəmə daxil olan idman növləri arasında "Formula 1" yoxdur. Buna görə məni kimsə qınaya, ittiham edə bilməz”. SİA-nın verdiyi məlumata görə, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli öz “facebook” səhifəsində yazı paylaşıb.

Onun sözlərinə görə, idman zorakılığa, basqıya, təzyiqə qarşıdır: “İdman sülh, sevgi, mərhəmət, sədaqət, ləyaqət, mərdlik, kişilik aşılayır, zorakılıq yox. Məni, yaxud başqa birisini "Formula 1" yarışını sevmədiyimizə görə qınamaq, yaxud daha da uzağa gedərək aşağılamaq heç bir məntiqə sığmayan yanaşmadır. "Formula 1" yarışlarına qarşı heç bir qərəzim yoxdur, sadəcə sevmirəm, vəssalam. Bununla bağlı öz qənaətim var. Hesab edirəm ki, bu yarış - idman növü deməyə dilim gəlmir - yanlış mesajlar verir, sürəti, aqressiyanı təbliğ edir. Mən hətta intellektual komputer oyunlarını belə "Formula 1"-dən daha çox idman növü hesab edirəm. Bu mənim subyektiv yanaşmamdır. İnsanın bir idman növünü sevib-sevməməsi onun zövqü ilə bağlıdır. Mənə görə gimnastika dünyanın ən gözəl, ən estetik, ən faydalı idman növüdür. Amma hansısa boks, yaxud "Formula 1" həvəskarı gimnastikanı sevmədiyini bildirsə onun fikirlərinə sayğı ilə yanaşaram. Çünki bu zövq məsələsidir. Biz fərqli mədəniyyətə, inanca sahib insanların birgəyaşayışını təbliğ etdiyimiz kimi fərqli zövqlərin mövcudluğunu təbii qəbul etməliyik. Tolerantlıq kompleks anlayışdır və yalnız fərqli inancların, mədəniyyətlərin birgəyaşayışını əks etdirmir, həm də fərqli zövqlərin birgəyaşayışını əks etdirir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə