Daşkənddə “Kəlağayı – Azərbaycan ipəyinin dürdanəsi” kitabının təqdimatı olub
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə özbək və rus dillərində çap edilən “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı kitabın təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin foyesində qurulan sərgidə milli kəlağayılarımız, ipəkdən hazırlanan Azərbaycan milli geyimləri nümayiş etdirilib.
AMM-in direktoru Samir Abbasov Azərbaycanın ən qədim sənət növlərindən sayılan kəlağayı sənəti, ölkəmizdə ipəkçiliyin tarixi, inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirlərinin yer aldığı kitab haqqında ətraflı məlumat verib. O, kəlağayının dünyaya tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib, Heydər Əliyev Fondunun layihəsi əsasında Azərbaycanın kəlağayı sənətinin 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini söyləyib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov AMM-in layihəsini yüksək qiymətləndirərək, kəlağayı haqqında məlumatların, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması barədə müfəssəl məlumat verən nəşrin özbəkdilli və rusdilli oxucular üçün gözəl mənbə olduğunu qeyd edib.
Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Zuxra Berdiyeva, Dövlət Tarix Muzeyinin direktor müavini Muxlisa Abduraxmanova qeyd ediblər ki, iki min ildən artıq tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar qədim dövrlərdə Qafqaza gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi, Marko Polo, ipəkşünas alim Evliya Çələbinin əsərlərində yer alıb. Qeyd edilib ki, Avropa və Asiyanın ticarət yollarının kəsişməsində yerləşən Azərbaycanda ipəkçilik xalq təsərrüfatının qədim bir sahəsi sayılır, ölkənin bu sahədə böyük ənənələri var.
Kitabın tərcüməçiləri İsroil Şamsimuxamedov və Şaxla Qasımova nəşrin Azərbaycan ipəyi, kəlağayı sənətinin təbliği üçün yeni imkanlar açdığını və onun bu mövzuda tədqiqat aparan mütəxəssislər üçün əvəzsiz informasiya mənbəyi olduğunu söyləyiblər. Bildirilib ki, kəlağayı təkcə qadın baş örtüyü, bir bəzək vasitəsi deyil, o həm də Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, xalqın istedadını nümayiş etdirir, onun hər bir naxışı, ornamenti böyük məna daşıyır.
Kitabın tərtibçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin professoru, Baskal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyovadır.
Təqdimat mərasimində kitab iştirakçılara paylanılıb. Nəşrin Özbəkistanın aparıcı kitabxanalarına, elm müəssisələrinə, ipəkçiliklə məşğul olan müəssisələrə hədiyyə olunacağı planlaşdırılır.
Daha sonra kəlağayı haqqında sənədli film nümayiş etdirilib. Tədbirdə AMM-in nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB