Masallıda görülən işlər, yeni vəzifələr müzakirə olunub

Masallıda görülən işlər, yeni vəzifələr müzakirə olunub

Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında geniş şura iclası keçirilib. İclasda 2018-ci ilin birinci rübündə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Yığıncağı açan Masallı RİH başçısı Rafil Hüseynov aprelin 18-də Azərbaycanda keçirilən prezident seçkilərində 86,3 faiz səslə qələbə qazanan cənab İlham Əliyevin yenidən 7 il müddətinə prezident seçilməsi münasibətilə iştirakçıları təbrik edib, bütün masallılar adından cənab Prezidentə xoş arzularını çatdırıb, ona çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Natiq Natiq bildirib ki, respublikamızda olduğu kimi rayonumuzda da 2018-ci ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib. Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilib. Ümumi uzunluğu 24,7 kilometr olan Eminli-Qarğalıq-Səmidxan-Seybətin, Şatıroba-Hişkədərə-Miyankü kəndləri istiqamətində yolların asfaltlaşdırılması işləri davam etdirilir. Həmçinin Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə start verilmişdir. Hazırda Dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 binanın fasadının təmiri, bloklara yeni seyf qapıların və pəncərələrinin quraşdırılması işləri davam etdirilir. 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaq Sənaye məhəlləsində tikinti işləri yekunlaşmaqdadır.

Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1002 nəfər müraciət edib. Qeydiyyata alınanlardan 675 nəfəri işlə təmin olunub ki, bunların da 307 nəfərini qadınlar təşkil edir.

Rayonda çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülüb. Belə ki, rayonun Kolatan inzibati ərazisinə aid Sığaçola massivində 100 hektar sahədə “Azərsun-Holdinq” tərəfindən işlər tam başa çatdırılıb. Hazırda Kolatan kəndi ərazisində 1,0 hektar yeni cay plantasiyası salınıb və əvvəlcədən saxlanılan 4 hektar çay sahələri nəzərə alınmaqla rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 105 hektara çatdırılıb.
Natiq bildirib ki, rayon üçün ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyün inkişafına da əhali arasında maraq xeyli yüksəlib. 2017-ci ildə isə rayonumuzda tütün əkini sahələri genişləndirilərək 32,5 hektara çatdırılıb.

Rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində işlərə başlanılıb. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 3089,40 min manata qarşı 3697,30 min manat və ya 119,6 faiz, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 408,40 min manata qarşı 421,40 min manat və ya 103,1faiz yerinə yetirilib.

Məruzəçi elektrik təsərrüfatında, görülən işlərə, rayonun qazla təchiz edilməsi məsələlərinə də aydınlıq gətirib. 2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. Bu məqsədlə Viləşçay Su Anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilib.
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisi və təmirinə həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var. Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin tikintisinə başlanılmış, hazırda işlər davam etdirilir. Yaxın vaxtlarda Şıxlar və Bala Təklə kəndlərində də modul tipli məktəblərin tikintisi nəzərdə tutulub.
və bu iş davam etdirilir.

Masallıda fəaliyyət göstərən 33 turizm obyekti cari ilin üç ayında 4350 turist qəbul edib ki, onun 550 nəfəri xaricdən gələnlərdir.

Masallıda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülüb. 2018-ci ilin birinci rübündə rayon ərazisində 107 cinayət hadisəsi qeydə alınıb. Cinayətlərin açılma faizi 92,3 olub və 8 cinayət hadisəsi açılmamış qalıb.

Məruzəçi qeyd edib ki, görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir. Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallıda sahibkarlığın inkişafına dəstək vermək, onlara kömək göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir.
Məruzə ətrafında müzakirələrdə rayon elektrik şəbəkəsinin rəisi Ağaverdi Həsənov, RİHB-nın Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov, su-kanal idarəsinin müdiri Akif Həmidov və başqaları çıxış ediblər.

Şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə