Ağcabədidə Zərifə xanım Əliyevanın 95 illik yubileyi keçirilib

Ağcabədidə Zərifə xanım Əliyevanın 95 illik yubileyi keçirilib

Ağcabədi rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı ilə birgə partiyanın inzibati binasında oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirib.

Tədbiri YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq, Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb. Bildirib ki, akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyətin - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin anasıdır.

Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov, Azərbaycan Pedaqoji Universiteti ərazi ilk partiya təşkilatının sədri Anar Kərimli çıxış edərək, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva haqqında öz fikirlərini bölüşüblər.

Rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxışında Zərifə xanımın Azərbaycan qadınına məxsus dəyərlərinə, insani keyfiyyətlərinə, elmi fəaliyyətinə nəzər salaraq, əziz xatirəsinin daim qəlblərdə yaşadığını qeyd edib.

Tədbirin sonunda Zərifə xaınm Əliyevanın həyat və elmi fəaliyyətinə həsr edilmiş film-slayd nümayiş etdirilib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə