AMEA akademik Zərifə Əliyevanın 95 illik yubileyi ilə bağlı tədbir keçirib FOTO - VİDEO
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, akademik Zərifə Əliyevanın əmək fəaliyyəti seçdiyi yol onun ailəsinin seçdiyi tibb yolu olub.
Akademik qeyd edib ki, həkimlik peşəsi arasında göz həkimliyini seçən Z.Əliyeva özünün elmi və həkimlik fəaliyyəti ilə Azərbaycana mühüm töhfələr verib, Azərbaycan elminin nüfuzunu yüksəyə qaldırıb.
Elmi fəaliyyətlə məşğul olan Z.Əliyevanın elmi əsərlərini elmimizin xəzinəsi adlandıran A.Əlizadə bildirib ki, Z.Əliyeva özünün elm məktəbini yaradıb: “Zərifə Əliyevanın tədqiqat üçün seçdiyi peşə xəstəlikləri üzrə elmi istiqaməti bu gün inkişaf edib. Onun bu istiqamətdə elmimizə verdiyi töhfələr unudula bilməz. Zərifə Əliyeva gözəl alim olmaqla yanaşı, böyük mədəniyyətə malik insan idi. Onun bir neçə dil bilməsi, rus dilində isə etdiyi elmi çıxışlar insanı valeh edirdi”.
A.Əlizadə əlavə edib ki, Z.Əliyeva yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Zərifə Əliyevanın doğulub boya-başa çatdığı Əziz Əliyevin ailəsinin Azərbaycan elminə böyük töhfələr verdiyini söyləyib: “Əziz Əliyevin ailəsində əsasən, həkimlər olub. Əziz Əliyevin ailəsini həkimlər sülaləsi adlandırırdılar. Bu ailə Azərbaycan elminə böyük töhfə verib”.
Ə.Əmiraslanov bildirib ki, Zərifə Əliyeva tədqiqatların aparılması üçün heç bir zaman yüngül sahə seçməyib: “Zərifə Əliyeva o zaman tüğyan edən traxoma xəstəliyi ilə mübarizə aparırdı. O zaman Azərbaycanın bəzi regionlarında traxoma hətta epidemiya şəklini almışdı. Zərifə Əliyeva bu sahə üzrə Moskvada təkmilləşdikdən sonra onun rəhbərliyi ilə böyük qrup yaradılıb və xəstəliklə mübarizəyə başlanılır”.
Ə.Əmiraslanov qeyd edib ki, əslində, Z.Əliyeva traxoma xəstəliyi ilə mübarizəyə başlamaqla böyük risk edirdi: "Çünki hətta korluğa səbəb olan traxoma infeksiyon xəstəlik idi və onun insandan insana keçmə təhlükəsi var idi. Zərifə Əliyeva göz yaşlarının axarlarının patologiyası ilə də ciddi məşğul olub. Ömrünün son illərində isə tibbi deontologiyanın əsaslarının öyrənilməsi ilə məşğul olub".
Akademik bu gün Azərbaycanda fəaliyyət göstərən Milli Oftalmologiya Mərkəzinin Z.Əliyevanın təklifi ilə tikildiyini söyləyib.
Hazırda Milli Oftalmologiya Mərkəzinin dünyanın ən tanınmış oftalmoloji mərkəzlərindən biri olduğunu vurğulayan Ə.Əmiraslanov qeyd edib ki, bu gün Azərbaycan oftalmoloqlarının apardığı elmi tədqiqatlara dünya elmi tərəfindən dəyər verilir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov isə bildirib ki, Z.Əliyeva Azərbaycan oftalmologiya elmini bütün dünyaya tanıdıb. Onun sözlərinə görə, Z.Əliyeva az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb. Z.Əliyevanın elmi istiqamətlərinin çox geniş olduğunu nəzərə çatdıran E.Qasımov əlavə edib ki, böyük alimin 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi olub: “Zərifə Əliyeva göz xəstələrinə çox həssaslıqla yanaşırdı. Tələbələrinə də həmişə deyərdi ki, həkim xəstə üçün yaxın bir adam olmalıdır. Zərifə xanım ictimai xadim kimi də fəaliyyət göstərib. Bu gün Milli Oftalmologiya Mərkəzi akademik Zərifə Əliyevanın adını daşıyır. Biz çox xoşbəxtik ki, belə gözəl şəraiti olan bu mərkəzdə çalışırıq”.
Tədbirin davamında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova akademikin fəaliyyəti haqqında fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB