Böyük Britaniya ilə əlaqələr ölkəmizin inkişafına öz tövhələrini verəcək TƏHLİL
Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikasının xarici siyasətinin mühüm istiqamətlərindən biri Avropa ölkələri ilə münasibətlərin qurulması və inkişaf etdirilməsindən ibarətdir. Doğrudur, Avropa qitəsi ölkələri ilə Azərbaycanın əlaqələrinin zəngin, qədim tarixi var və hələ orta əsrlərdən belə Avropa ölkələri ilə Azərbaycan arasında əlaqələr mövcud olub. Lakin bu əlaqələr XX əsrdə xarici siyasət fəaliyyəti Sovet imperiyasının Mərkəzi hakimiyyətinin əlində cəmləşdiyi səbəbindən, Azərbaycanın Avropa ölkələri ilə birbaşa əlaqələri də demək olar ki, kəsildi. Xüsusilə qeyd etmək lazımdır ki, dövlət müstəqilliyimizin bərpa edilməsi ilə Azərbaycan Avropa ölkələri ilə münasibətlərdə yeni keyfiyyət mərhələsinə qədəm qoydu və bu münasibətlər artıq əvvəlki dövrlərdəki əlaqələrdən əsaslı surətdə fərqlənir.
Dünya siyasətinə ciddi təsir imkanlarına malik olan və “Qoca dünya” adlandırılan Avropa qitəsində yerləşib, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Böyük Britaniya ilə münasibətlərin, iqtisadi, siyasi əlaqələrin qurulması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əlverişli coğrafi-siyasi mövqedə yerləşməsi, Şərq ilə Qərb arasında “qızıl körpü” rolu oynaması, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu, azad bazar iqtisadiyyatı yolu seçməsi, zəngin təbii sərvətləri, Avropa ölkələrinin, ələlxüsus Böyük Britaniyanın da siyasətində Azərbaycanın yerini və rolunu artırır.
Britaniya Azərbaycanda ən böyük xarici investor statusunu qorumaqdadır
Böyük Britaniya, BP-nin Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə verdiyi mühüm töhfələr vasitəsilə enerji sənayesində Azərbaycanın əsas tərəfdaşıdır. Bu tərəfdaşlıq çərçivəsində Böyük Britaniyadan gələn investisiyalar ölkədəki bütün xarici investisiyaların 50%-nə qədərini təşkil edir və hazırda Britaniya Azərbaycanda ən böyük xarici investor statusunu qorumaqdadır. Bundan başqa, Azərbaycanda Britaniyanın təxminən 500-dən çox şirkəti fəaliyyət göstərir və Bakıda 4000-dən çox Britaniya vətəndaşı yaşayır. Bütün bu sadalananlar Britaniyanın Azərbaycanın inkişafında oynadığı aparıcı roldan, Azərbaycanın rifahına və təhlükəsizliyinə verdiyi töhfələrdən xəbər verir. Təbii ki, Azərbaycan da həmçinin BP-nin Azərbaycanın inkişafına verdiyi töhfələrə böyük dəyər verir və Böyük Britaniya ilə əlaqələri yüksək qiymətləndirir.
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub və Azərbaycan Prezidentinin bu səfərinin iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağı xüsusilə vurğulanıb. Böyük Britaniyanın Baş naziri əməkdaşlığın genişləndirilməsi baxımından SOCAR ilə BP şirkəti arasında imzalanacaq sazişin önəmini dəyərləndirib və bu əməkdaşlığı yüksək qiymətləndirib.
Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlərdən danışılıb və eyni zamanda bu ilin iyun ayında TANAP layihəsinin açılışı ilə əlaqədar fikir mübadiləsi aparılıb. Xüsusilə, “Şəfəq-Asiman” strukturu üzrə imzalanmış, hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyətinə diqqət ayrılıb və bu da o deməkdir ki, sözügedən saziş tərəflər üçün böyük əhəmiyyət kəsb edir. Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illər davam edən əməkdaşlığın hazırki səviyyəsindən razılıq, məmnunluq ifadə olunması da münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir və bu da öz növbəsində münasibətlərin gələcəkdə daha da yaxşılaşacağına zəmin yaradır.
BP şirkəti, həmçinin Böyük Britaniya ilə əlaqələrin əhəmiyyəti strateji baxımdan əvəzolunmazdır
Nəzərə alsaq ki, Azərbaycan neft ixrac edən ölkədir və eyni zamanda ölkənin gəlirlərində neftdən əldə edilən gəlirlər əhəmiyyətli dərəcə yer tutur, bu baxımdan BP şirkəti ilə əməkdaşlıq, həmçinin Böyük Britaniya ilə əlaqələrin əhəmiyyəti strateji baxımdan əvəzolunmazdır. Eyni zamanda Azərbaycanın iqtisadi cəhətdən güclənməsində, ölkənin inkişafının təmin edilməsində bu əlaqələrin vacibliyini nəzərə almamaq olmaz. Xüsusilə qeyd etmək lazımdır ki, ölkənin iqtisadi potensialının artması ümumi inkişafı təmin edir və nəticədə nüfuzlu bir dövlət olaraq Azərbaycanın dünya ölkələri arasında retinqini yüksəldir və ölkəmizi daha da uğurlu söz sahibinə çevirir. Ölkəmizin iqtisadi unkişafının müsbət nəticələrini saymaqla bitmir və bu sırada sabitliyin, təhlükəsizliyin təmin olunmasında bu amilin vacibliyinə xüsusi diqqət yetirilməlidir. Beynəlxalq miqyasda nüfuzun artması və digər müsbət nəticələrlə yanaşı, maliyyə büdcəsinin, valyuta ehtiyatlarının artırılması, əhalinin rifah halının yaxşılaşdırılması, sosial yönümlü tədbirlərin həyata keçirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, məşğulluğun səviyyəsinin artırılması, işsizliyin sayının azaldılması və yeni iş yerlərinin artırılması istiqamətində iqtisadi inkişafın müsbət təsiri çoxşaxəlidir. Doğrudur, Azərbaycanda qeyri-neft sektorunun inkişafına, sənaye obyektlərinin, istehsal sahələrinin sayının artırılmasına, kənd təsəttüfatının inkişafına xüsusi diqqət verilir və nəticədə bu sahədən gələn gəlirlərin çəkisinin artmasının da şahidiyik. Amma neft ixrac edən ölkə kimi Azərbaycanın büdcə gəlirlərində təbii ehtiyatlardan əldə olunan gəlirlərin xüsusi çəkisi üstünlük təşkil edir və bu baxımdan Böyük Britaniya ilə, BP ilə əlaqələrin inkişaf etdirilməsi vacib hesab olunur və böyük əhəmiyyət kəsb edir. Təbii ki, Böyük Britaniya, eyni zamanda BP şirkəti üçün də bu əlaqələrin, strateji tərəfdaşlığın böyük əhəmiyyəti var və bu mənada ölkəmizə maraqlı olduğu danılmazdır. Prezident seçkilərindən az sonra Cənab Prezident İlham Əliyevin sözügedən ölkəyə səfərinin reallaşmasın da təsdiq edir ki, həqiqətən də Böyük Britaniya, eyni zamanda BP şirkəti ölkəmizlə əlaqələrin inkişaf etdirilməsində, yeni-yeni layihələrin, sazişlərin reallaşmasında maraqlıdır. Əminliklə deyə bilərik ki, bu əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək və ölkənin iqtisadi inkişafına, maraqlarının təmin olunmasına öz tövhələrini verəcək.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB