Pirallahıda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb ANIM

Hər il aprel ayının 28-i ölkəmizdə Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın xatirə günü kimi qeyd olunur. Bu münasibətlə Pirallahı RİH-nin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının dəstəyi ilə Pirallahı rayonunda yerləşən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında təşkil olunmuş xatirə tədbirində RİH əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, xəstəxana kollektivinin üzvləri iştirak etdilər.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş şöbəsinin müdiri Hikmət Şikarov akademik Zərifə xanım Əliyeva haqqında ətraflı məlumat verərək qeyd edib ki, Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunu Şahtaxtı kəndində anadan olub. “Zərifə xanım görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, möhtərəm Prezident cənab İlham Əliyevin anasıdır”-deyə qeyd edən natiq onu da bildirib ki, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib: “Görkəmli oftalmoloq 160-dan çox elmi əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərini vurğulandı və bildirildi ki, O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Bütün bu xidmətlərinə görə görkəmli oftalmoloq-alim Azərbaycanın əməkdar elm xadimi fəxri adına, oftalmologiya elminin inkişafı naminə əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb”.

Daha sonra çıxış edən 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov, YAP Pirallahı rayon təşkilatı qadınlar şurasının sədri Kəmalə Mustafayeva və başqaları öz çıxışlarında akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Qeyd olunub ki, Azərbaycanda görkəmli alimin adı layiqincə əbədiləşdirilib, Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılıb. Bakıda Milli Oftalmologiya Mərkəzi, Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını şərəflə daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Biri Bakıda, digəri Naxçıvanda olmaqla 2 küçə, bir neçə lisey və orta məktəb Zərifə Əliyevanın adını daşıyır. Zərifə xanım Əliyevanın əziz xatirəsi yaddaşlarda görkəmli oftalmoloq-alim, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı və silahdaşı olmaqla yanaşı, eləcə də xalqımıza və dövlətimizə Prezident İlham Əliyev kimi layiqli bir oğul bəxş etmiş Ana kimi qalacaqdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə