Aydın Mirzəzadə: “Seçkilərlərdən narazı qalanlar öz məğlubiyyət səbəblərini ilk növbədə özlərinin fəaliyyət proqramlarında axtarmalıdırlar”- MÜSAHİBƏ

Aydın Mirzəzadə: “Seçkilərlərdən narazı qalanlar öz məğlubiyyət səbəblərini ilk növbədə özlərinin fəaliyyət proqramlarında axtarmalıdırlar”- MÜSAHİBƏ
- Aydın müəllim, builki parlament seçkilərini necə qiymətləndirirsiniz?

- Builki parlament seçkiləri əvvəlki seçkilər kimi azad, demokratik, ədalətli və rəqabətli şəkildə həyata keçirildi. Seçkiləri ümumən demokratik inkişafda yeni mərhələ adlandırmaq olar. Bütün ölkələrdə olduğu kimi bizdə də seçilərlə bağlı müəyyən narazılıqlara rast gəlmək mümkündür. Lakin keçirilən seçkilərlə əlaqədar kimlərinsə narazı qalmasını seçki prosesi ilə deyil, həmin şəxslərin özləri ilə bağlamaq lazımdır. Hesab edirəm ki, seçkilərlə əlaqədar narazı qalanlar öz məğlubiyyət səbəblərini ilk növbədə özlərinin fəaliyyətində və fəaliyyət proqramlarında axtarmalıdırlar. Ümumilikdə seçkilər beynəlxalq standartlara uyğun şəkildə keçirilib.

- Müxalifət nümayəndələrinin  seçkilərdə səsləndirdikləri narazılıqlar nədən qaynaqlanır?

- Hər zaman olduğu kimi builki parlament seçkilərində də bəzi müxalifət nümayəndələri müəyyən problemlər yaratmağa cəhd göstərdilər. Ümumiyyətlə, onların bu hərəkəti şou göstərməyə maraqlı olmalarını ortaya qoyur. Özləri kifayət qədər problem yaratdıqları halda süni şəkildə seçkilərin keçirilməsi ilə bağlı hər hansı bir problemlərin olduğunu söyləməyə çalışırlar. Bunu Seçki Məcəlləsinə uyğun olaraq Mərkəzi Seçki Kommisiyasına, məhkəməyə müraciət etmək və ya yerində araşdırmaq əvəzinə, tez mətbuata ötürmək və nəticəni gözləməməyə üstünlük verirlər. Qeyd edim ki, onların narazılıqlarını araşdıran zaman bir çoxunun mövcud olmadığı və yaxud da ki, həllinin mümkün olduğu ortaya çıxır. Ancaq onu yaddan çıxarmayaq ki, müxalifət nümayəndələri, namizədlərin özləri seçki məntəqələrində komissiyaların işinə müdaxilə edir, ajiontaj yaradır, vəziyyəti gərginləşdirməyə çalışırdılar. Müxalifət namizədlərinin müşahidəçiləri və seçki komissiyalarında məşvərət şurasının üzvləri isə bir qayda olaraq seçki prosesini pozmağa çalışırdılar. Görünür, bu baxımdan seçki prosesinin keçirilməsinə dair yeni mexanizmin təkmilləşməsinə böyük ehtiyac var.

- ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı əks bəyanat yaymasını nəyə hesablamaq olar?

- Mənə elə gəlir ki, ABŞ Dövlət Departamentinin Azərbaycanda gedən seçkilərlə bağlı ya çox səthi məlumatı var idi, ya da ümumiyyətlə, məlumatı yox idi. ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ABŞ Dövlət Departamentinə seçkilərlə bağlı daha dəqiq məlumat verməli idilər. Hazırda isə onların bəyanatlarının seçki prosesinə hər hansı bir aidiyyatı yoxdur. Onlar heç bir əsası olmayan ittihamlar irəli sürür, Azərbaycanda keçirilən seçki prosesi ilə heç bir əlaqəsi olmayan bəyanat yayırlar.Bilirik ki, ölkəmizdə həm seçkinin texniki hazırlğı, həm də keçirilməsi ilə bağlı prosesə məntəqlərdə olan beynəlxalq və yerli müşahidəçilər qiymət verirdilər. Həmin gün ölkəmizdə bir sıra beynəlxalq təşkilatların nümayəndələri var idi ki, onlar gün ərzində bir sıra məntəqlərdə olub, prosesi yaxından izləyirdilər. Buna misal olaraq ATƏT-in müşahidə missiyasını göstərmək olar ki, onlar seçki məntəqələrinin 90 faizində seçkilərin ideal keçirildiyini bildirdilər. Mən çox istərdim ki, ABŞ Dövlət Departamentinin verdiyi bəyanatlar da reallığa və fakta əsaslansın. Amma ümumilikdə onların bəyanatının Azərbaycana siyasi təzyiq göstərməsi qeyri-mümkündür. Əgər departament qüsurlu bəyanat verirsə, bu onun problemidir. Əlbəttə ki, onların bu addımı beynəlxalq aləmə də təsir edəcək. Belə ki, bunda sonra beynəlxalq aləmdə onların bəyənatlarına inamasızlıq güclənəcək.

- Seçkilərin ilkin nəticələri gözlənilən idimi?

- Seçkinin nəticəsi göstərdi ki, cəmiyyət Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Qalib gələnlər ayr- ayrı şəxslər yox, prezidentin siyasi kursu, apardığı fəaliyyət, quruculuq işləri, beynəlxalq aləmdə yeritdiyi siyasət, ordu quruculuğu və strateji planlarının qurulmasında gördüyü fəaliyyət oldu. Yeni Azərbaycan Partiyasının qələbəsi şübhə doğurmurdu. Çünki YAP yenilənən gənclərə, ziyallara istinad edən bir siyasi qüvvə idi. O baxımdan qələbəni yenidən təsdiqlədik. Parlamentə düşən müxalif partiyalar isə seçkiyə, məsələlərə real qiymət verməyə çalşan, konstruktiv mövqedə duran müxalifət nümyəndələri oldu. Cəmiyyət ənənəvi radikal fəaliyyəti şüarçılıqdan ibarət olan müxalifətə bir dəfəlik yox dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə