“Qoy, düşmən ayaqları altında torpaqlarımızın necə yandığını hiss etsin”

“Qoy, düşmən ayaqları altında torpaqlarımızın necə yandığını hiss etsin”

Bu gün Rusiyanın Bryansk şəhərində Böyük Vətən müharibəsində qazanılan qələbənin ildönümünə və partizan hərəkatının 75 illiyinə həsr edilmiş “Birlikdə əldə edilmiş Böyük Qələbə: Böyük Vətən müharibəsində partizan və gizli dəstə üzvlərinin şücaəti” Beynəlxalq Qaliblər Forumu çərçivəsində “Qoy, düşmən ayaqları altında torpaqlarımızın necə yandığını hiss etsin” adlı sərgi keçirilib. SİA-nın verdiyi məlumata görə, təntənəli mərasimdə Rusiya prezidenti İdarəsinin regionlararası və mədəni əlaqələr şöbəsinin rəhbəri Vladimir Çernov, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq Mədəniyyət və Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, MDB-yə üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri Mixail Şvıdkoy, Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz və digər rəsmi şəxslər iştirak ediblər.

Məlumat verilib ki, burada toplanmış materiallar hesabına faşistlərə qarşı aparılan partizan mübarizəsində iştirak etmiş şəxslərin taleyi və fəaliyyəti barədə informasiya əldə etmək mümkün olacaq.

Qeyd edək ki, “Birlikdə əldə edilmiş Böyük Qələbə” Beynəlxalq Qaliblər Forumu 2010-cu ildən MDB ölkələrinin Dövlətlərarası humanitar əməkdaşlıq fondu və Prezident qrantları Fondunun dəstəyi ilə “Avrasiya tədqiqatlar İnstitutu” İnkişaf Fondu və “Şimal-Cənub” Politologiya mərkəzi tərəfindən həyata keçirilir. Bu il layihənin təşkilatçısı və tərəfdaşları kimi Bryansk vilayətinin hökuməti və “Rusiyanın axtarış hərəkatı” Ümumrusiya ictimai Vətən müdaifəçilərinin xatirəsini əbədiləşdirmə hərəkatı çıxış edir.

Forumda MDB, Baltikyanı ölkələr, Gürcüstandan və Azərbaycandan olan 250-dən çox – müharibə veteranları, tanınmış ictimai xadimlər və siyasətçilər, tarixçi-alimlər, ictimai təşkilatların və vətənpərvərlik hərəkatlarının nümayəndələri, məşhur jurnalist və ekspertlər, gənclər hərəkatının liderləri və tələbələr, eləcə də SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə