"Bu qanun iş axtaranlara sosial məsələlərini həll etmək imkanı verəcək"

"Bu qanun iş axtaranlara sosial məsələlərini həll etmək imkanı verəcək"

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Məşğulluq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında fikirlərini bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev söyləyib ki, qanun məşğulluq sahəsində ən vacib qanundur.

“Bildiyiniz kimi məşğulluq siyasəti sosial siyasətimizin əsasını təşkil edir. Ölkə başçısı bütün müşavirələrdə bu məsələyə toxunur. Bunu önə gətirən məsələlərdən biri ölkədəki demoqrafik vəziyyədir. əgər insanların sayı artırsa. O zaman onları işlə təminatı məsələsi önə çıxan əsas məsələyə çevrilir. İnsan resurslarının inkişafı Azərbaycanda həyata keçirilən siyasətin tərkib hissəsidir. Layiqli iş yerlərinin yaradılması aktiv əmək bazarlarının yaradılması qarşıya qoyulan məqsəddir”, - deyə nazir müavini qeyd edib.

O bildirib ki, qanun layihəsinə əksini tapan mühüm məsələlərdən biri aktiv əmək bazarları ilə bağlı tədbirlərin, əmək haqqının maliyyələşmə prinsipi ilə bağlı öhdəliklərin əhatəli şəkildə əksini tapmasıdır: “Qanun qəbulundan sonra dövlət iş axtaranı hansı iş yerinə göndərəcəksə onun əmək haqqının 50 faizini dövlət qarşılayacaq. Ümumiyyətlə, bu qanun layihəsi əvvəlkindən əhəmiyyətli dərəcə fərqlidir. Əgər qanun qəbul olunarsa, iş axtaranlar işlə təminat və sosial məsələlərini həll etmək imkanı əldə edəcəklər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə