Aprelin 11-də keçirilən seçkidə Azərbaycan xalqı ölkəni idarə etmək haqqını, səlahiyyətini özünün müdrik lideri cənab İlham Əliyevə verdi. Ötən illərin təcrübəsi və qazanılan möhtəşəm uğurlar göstərdi ki, cənab İlham Əliyev əsl vətənpərvərdir, qurucu lider əzmi ilə çalışan Prezidentdir, görkəmli dövlət xadimidir. Onun rəhbərlik etdiyi müasir Azərbaycan inkişaf edir, güclənir, mürəkkəb və ziddiyyətlərlə dolu olan dünyada mətin addımlarla irəliləyir, Azərbaycan qüdrətli dövlətə çevrilir. Prezident cənab İlham Əliyev bütün çıxışlarında vətəndaşların hüquqlarının qorunmasını bir vəzifə kimi qarşıya qoyub, özünü xalqın xidmətçisi adlandıraraq, hər bir dövlət qulluqçusunun və məmurun da xalqa xidmət etməli olduğunu dəfələrlə qeyd edib. Ona görə də kadrların təyinatı məsələsi daim dövlət başçısının diqqət mərkəzində olub. Və cənab Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında imzaladığı sərəncamı da bu fikirlərimizi bir daha təsdiq edir. Bu təyinatadək N.Məmmədov Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri kimi məsul bir vəzifədə işləyib. Həyatından önəmli məqamlar: Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub.
1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.
Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Novruz Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.
12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib. 2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.
Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib. 2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.
Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub. 13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.
1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir. İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak edib. Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir. Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.
Böyük siyasi təcrübəyə malik olan nüfuzlu ictimai-siyasi xadim Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyinatı ilə Azərbaycan Prezidentinin mükəmməl komanda formalaşdırması xalqın ürəyindən xəbər verən önəmli qərardır. Novruz Məmmədov daim Azərbaycanın daxili və xarici siyasətinin aparılması istiqamətində cəsarətli fikirləri ilə diqqəti cəlb edib, dövlət maraqlarını elmi cəhətdən əsaslandırılmış arqumentlərlə müdafiə edib. Biz də inanırırıq ki, cənab Novruz Məmmədovun Baş nazir təyin olunması ölkə həyatına yeni nəfəs, iqtisadi sahədə, xüsusən də regionların inkişafında əsaslı dönüş yaradacaqdır.
Mən öz adımdan, rəhbərlik etdiyim kollektiv və yaşadığım qəsəbə sakinləri adından tanınmış istimai-siyasi xadim Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibəti ilə ürəkdən təbrik edir, xalqımızın maraqları, mənafeyi naminə məsul fəaliyyətində ona daha böyük müvəffəqiyyətlər arzulayıram.
Əminəm ki, o, bu məsul vəzifədə möhtərəm İlham Əliyevin yürütdüyü siyasətin təmin olunmasında, iqtisadi həyatımızın, xüsusən də aqrar sahənin inkişafında bütün səy və bacarığını əsirgəməyəcəkdir.
Araz Yağubov,
“Yaşıl çay” FT MMC-nin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB