“Kaspi” və "Gənc istedadlar” liseyinin birgə sərgisi açılıb FOTOLAR - VİDEO

“Kaspi” və "Gənc istedadlar” liseyinin birgə sərgisi açılıb FOTOLAR - VİDEO

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Kaspi” Təhsil Şirkəti və Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərginin açılışı olub. SİA-nın xəbərinə görə, açılış mərasimində “Kaspi” Təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, media kapitanları və digərləri iştirak ediblər.

Sərginin açılış mərasimində ilk çıxış edən “Kaspi” şirkətinin təsisçisi Sona Vəliyeva bildirib ki, tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyinə həsr olunması sevindiricidir: “Məni sevindirən əsas məqam bugünkü sərginin məhz şagirdlərin öz təşəbbüsü ilə irəli sürülməsidir. Bildiyiniz kimi Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda onun uzun müddətli olması üçün universiteti təsis edildi ki, bu da 99 ildir fəaliyyət göstərən BDU-dur. Bu da o deməkdir ki, Cümhuriyyətin ömrü az olmasına baxmayaraq, o dövrdə təhsilə xüsusi yer ayrılıb”.

Həm “Kaspi”, həm də BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdlərinin azərbaycançılıq, dövlətçilik ruhunda təhsil aldığını dilə gətirən S.Vəliyeva bugünkü gənclərin milli ruhda yetişdiyini vuğurlayıb: “Biz bununla qürur duya bilərik. “Kaspi” liseyinin BDU ilə əməkdaşlığına sevinir bu əməkdaşlığı daha geniş çərçivədə həyata keçirmək niyyətindəyik”.

Tədbirdə çıxış edən BDU rektoru Abel Məhərrəmov həm Kaspi, həm də “Gənc istedadlar” liseyinin şagirdlərinin təşəbbüsünü yüksək qiymətləndirib: “Bildiyiniz kimi “Gənc istedadlar” liseyi 2007-ci ildə təsis edilib. Bu dövr müddətində 300-dən çox məzunumuz ali məktəblərə yüksək balla qəbul olunub. Bizim məqsədimiz şagirdlərimizin dərslə birgə elmə məşğul olmasını təmin etmək, onların gələcək strategiyasını müəyyənləşdirməkdən ibarətdir. Bizim gələcəyimiz gənclərimizdən asılıdır”.

A. Məhərrəmovun sözlərinə görə, Azərbaycan Xalq Cümuriyyətinin 2 illik fəaliyyəti nəticəsində ən böyük uğuru BDU-nun yaradılması olub: “O dövrdə də əsas məqsədlərdən biri təhsil və səhiyyəni inkişaf etdirmək olub. Bu məqsədlə BDU-da ilk növbədə tibb fakültələri yaradılıb. Daha sonra bu fakültələr ayrılaraq ayrıca ali məktəb formasına çevrilib. Ümumiyyətlə, həmin dövrdə BDU-nun yaradılması o qədər də asan olmayıb. 6 ay bununla bağlı çox ciddi etirazlar olub, daha sonra universitetin yaradılması ilə bağlı qərar verilib. Hesab edirəm ki, BDU ilə “Kaspi” əlaqələrinin birgə fəaliyyəti böyük uğurlara imza ata bilər. “Kaspi” çox qısa müddətdə böyük uğurlara imza atıb. Ümumiyyətlə, bu ideyanı dəstəkləyir yüksək qiymətləndirirəm. Bütün görülən işlər elmin, təhsilin inkişafı naminədir”.

Tədbirdə çıxış edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hər iki təhsil ocağının cümhuriyyət dəyərlərini təbliğ etməsini yüksək qiymətləndirib və gənc balalara uğurlar arzu edib.

“İki Sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə sərgidə nümayiş etdirilən əsərlərin müəllifi olan gənclərin təşəbbüsünü müsbət qiymətləndirib. O, hər iki liseyə elmin, təhsilin inkişafında oynadığı böyük rola görə təşəkkürünü bildirib.

Tədbirin davamında həm “Kaspi”, həm də “Gənc istedadlar” liseyinin ifasında müxtəlif mahnı və rəqs nümunələri nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları hər iki liseyin şagirdləri tərəfindən çəkilən rəsm sərgisi ilə yaxından tanış olublar.

Sonda rəsm müsabiqəsinin qalibləri 3 nominasiya - təsviri ustalıq, rənglərin ahəngi, uğurlu seçilmiş kompazisiya üzrə mükafatlandırılıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə