Azərbaycan inamlı inkişafını davam etdirir

Azərbaycan inamlı inkişafını davam etdirir

İlham Əliyev: "Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur"

Müstəqil Azərbaycan bu gün inkişafının ən yüksək mərhələsini yaşayır, vətəndaşlarının təhlükəsizliyinin, yüksək rifah halının təmin olunması istiqamətində qətiyyətli addımlar atılır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir. Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən amillər Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirməsinə, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutmasına səbəb olub. Dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Dünyada qanlı münaqişələr, müharibələr baş verdiyi və ictimai-siyasi sabitlik pozulduğu halda, Azərbaycan dinamik inkişafda olan ölkə kimi nüfuz sahibidir. Bu, son 15 il ərizində nail olduğumuz nailiyyətlərin məntiqi nəticəsidir. Azərbaycanın dinamik inkişafı ölkəmizin daha böyük uğurlar qazanacağından xəbər verir. Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı əminliyini ifadə edir ki, 2018-ci il də ölkəmiz üçün uğurlu il olacaq və birinci rübün yekunları bu fikri təsdiqləyir: "Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz 2018-ci ili də uğurla başa vursun".

Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Cənab Prezident müşavirədə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynadığını vurğulayıb. Ölkəmizdə keçirilən mötəbər tədbirlər, beynəlxalq nüfuzumuzun göstəricisi olaraq, Azərbaycanı dünyaya müasir və inkişafda olan ölkə kimi də təqdim edir. Cənab Prezident bu tədbirlər arasında VI Bakı Qlobal Forumunu, xüsusilə qeyd edib. Belə ki, bu forum qısa müddət ərzində, dünya miqyasında böyük hörmət qazanmış bir beynəlxalq platformadır və qısa zaman kəsiyində layiqli yer qazanıb: "Dünya liderlərinin foruma göndərdikləri məktublar, əlbəttə, göstərir ki, bu forum, doğrudan da, böyük beynəlxalq tədbirdir". Cənab Prezident bu və ya digər beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini bildirib.

Həqiqətən də, Azərbaycan bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. Bütün dünyada böyük hörmətə və nüfuza malik olan Azərbaycan prinsipial və ədalətli mövqeyi ilə seçilir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Təkcə bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artıbdır. Cənab İlham Əliyev bunun çox gözəl və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstərici olduğunu bildirib: "Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir".

Birinci rübdə sənaye istehsalına gəlincə isə 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artıb. Mövcud göstərici ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin məntiqi nəticəsidir. "Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, 0,50 faizdən çox artmışdır. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır", - deyən Prezident İlham Əliyev bu dinamikanın çox müsbət göstərici olduğunu diqqətə

çatırıb. Sənayemizin inkişafının təzahürü olan Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun açılışını da vurğulamalıyıq. "Neftçala Sənaye Məhəlləsinin açılışı keçən il mənim iştirakımla qeyd edildi və bu il ildə 10 min avtomobil istehsal edəcək zavodun açılışı olmuşdur", - deyən Prezident bu zavodda 300-dən çox insanın işlə təmin ediləcəyini diqqətə çatdırıb.

Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbatlar və ehtiyaclar yüksək səviyyədə ödənilib. Yeni iş yerlərinin açılması, yoxsulluğun minimuma endirilməsi insanların sosial rifahının göstəricisidir. Cari ilin birinci rübündə maaşlar və pensiyaların artırılması və digər sosialyönümlü tədbirlərin həyata keçirilməsi məqsədi ilə əməli addımlar atılıb.

Cənab İlham Əliyev müşavirədə təkcə bu ilin birinci rübündə 34 min yeni iş yerinin yaradıldığını, onlardan 31 mininin daimi iş yeri olduğunu bildirib: "Artıq biz 1 milyon 500 min iş yerinin yaradılmasına yaxınlaşırıq. Əgər biz birinci rübün rəqəmlərini də əlavə etsək, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri yaradılmışdır".

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası yeni-yeni nailiyyətlərin əldə olunmasına əminlik yaradır. Son 15 il ərizində reallaşan dövlət proqramları və aparılan islahatlar bunu deməyə əsas verir: "Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır". İqtisadi göstəricilərimizin bizi çox sevindirdiyini diqqətə çatdıran ölkə başçısı inflyasiyanın birinci rübdə cəmi 4 faiz olduğunu da qeyd edib: "Bu barədə də mən ilin əvvəlində öz fikirlərimi bildirmişdim və qeyd etmişdim ki, əminəm, inflyasiya aşağı səviyyədə olacaq və əhalinin gəlirləri inflyasiyanı qabaqlayacaq. Belə də oldu. Əhalinin gəlirləri təxminən 10 faiz artmışdır, inflyasiya isə cəmi 4 faiz. Bax, budur bizim birinci rübdə əldə edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən, biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur... İqtisadi güc və ondan əlavə, bizim siyasətimiz bütün bu reallıqları yaradır".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə