(Portret cizgiləri)
Hacı Babayev: “Atalarımız deyir ki, “Vətən elin evi, Vətənə məhəbbət isə iman əsəri olmalıdır”
Son vaxtlar tanış olduğum və şəxsiyyətinə, savadına, böyük həyat təcrübəsinə hörmətlə yanaşdığım, uzun illər dənizçilik sahəsində uğurlu, əvəzsiz işlər görmüş, dünyanın yarısından çoxunu gəzmiş, ensiklapedik yaddaşa malik, Azərbaycan Dövlər Dəniz Akademiyasının baş müəllimi Mahir Tahirovun vasitəsilə, çox dəyərli bir insanla tanış oldum. O, özünü belə təqdim elədi: “Hacı Mirzə oğlu Babayev”. Sifətində nur olan, müsahibinə diqqətlə qulaq asan, gülümsər çöhrəli, sakit, həlim danışıqlı və danışanda sifətində həzin gülüş olan bu insan ilk baxışdan xoşuma gəldi. Və öz-özümə fikiləşdim: ”Əsl diplomat davranışı və xasiyyəti var Hacı müəllimdə.” Hacı Babayevə qulaq asdıqca gördüm ki, onun həyatı doğrudan da çox böyük mübarizələrdən, çətinliklərdən, döyüşlərdən keçib. O, öz Mənini, özünü Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq bir insan kimi sübut etmək üçün böyük və uğurlu işlər görüb. Ona görə də belə qərara gəldim ki, bu qəhrəmanımla oxucuları daha yaxından tanış etmək üçün onun həyatının qısa tarixçəsini vərəqləyək.
Qısa arayış: Hacı Mirzə oğlu Babayev 1948-ci ilin yanvar ayının 7- də Bakı şəhərinin Səbail rayonunda ziyalı ailəsində anadan olub. Balaca Hacı gözlərini açanda dəniz görüb. Bu dənizin kükrəməsi, tufanlar qoparması, uğultusu balaca Hacını qorxutsa da, amma bu möcüzə elə uşaq yaşlarından onun xoşuna gəlib. Saatlarla dənizin sahilində dayanıb, onun ucu-bucağı görünməyən ənginliklərinə maraqla tamaşa eləyib balaca Hacı. Evlərinin də dənizin sahilində olması, yaz, yay və payız aylarında tez-tez dəniz sularına baş vurması bu vurğunluğu bir az da artırıb. Bəlkə də elə məhz bu istək Hacı Babayevi 1966-cı ildə 39 nömrəli tam orta məktəbi bitirəndən sonra “Xəzərneftdonanma” İdarəsinin gəmilərində matorçu şagirdi kimi əmək fəaliyyətinə başlaması ilə onun dənizlə bağlı taleyinin ilk sətirlərini yazıb. O, bu sahədə böyük mexanik vəzifəsinə qədər yüksəlib. Hətta dənizə bağlılıq Hacı Babayevi 1974-cü ildə istehsalatdan ayrılmadan Odessa Ali Mühəndislər Dəniz Məktəbini mühəndis-gəmi mexaniki ixtisası üzrə bitirib.
1978-ci ildə Bakı Dəniz Yolları Məktəbinin “ Volodya Dubinin” tədris gəmisində gəmi kapitanının I köməkçisi vəzifəsinə təyin olunub. Yüksək natiqlik qabiliyyəti olan Hacı Babayev1980-89-cu illərdə Azərbaycan Kommunist Partiyası Xəzər Dəniz Gəmiçiliyinin partiya komitəsində təlimatçı vəzifəsində çalışıb. Artıq 1989-cu ildən Sovet İttifaqı Qəhrəmanl Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində pedaqoji fəaliyyətə başlayıb. Elə həmin vaxtdan da bu sahədə əvvəlcə siyasi və sora təlim-tərbiyə işləri üzrə rəis müavini kimi fəaliyyətini davam etdirib. 1996-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyası yaranan vaxtdan isə akademiyanın orta ixtisas təhsili şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.
1997-ci ildən Hacı Babayev “Gəmi energetik qurğuları” kafedrasında assistent, 2003-cü ildən isə həmin kafedranın baş müəllimi vəzifəsində işləyib. 2016-cı ildən isə dosent vəzifəsində çalışır. O, texnika üzrə fəlsəfə doktorudur. Gəmiçilik texnikası üzrə Azərbaycanda ilk elmi iş müdafiə eləyən mütəxəssisdir. Belə ki, o, “Maye yanacaqların fiziki-kimyəvi xassələrinin gəmi daxili yanma mühərriklərin energetik, iqtisadi və ekoloji göstəricilərinə təsirinin tətbiqi” mövzusunda uğurla dissertasiya müdafiə eləyib. O, “Gəmi energetik qurğuları” kafedrasının dosenti kimi də böyük işlər görür. Hacı müəllimin işləri bununla bitmir. O, 22 çap olunmuş elmi əsərlərin və bir monoqrafiyasının müəllifidir. Çox cavabdehli sahə olan tələbələrin buraxılış işinə rəhbərlik eləyir. Hacı Mirzə oğlu Babayev müəllim və tələbə heyyəti arasında çox böyük hörmətə malikdir. Bu il “Dəniz texnikası və avadanlıqlarının istismarı” ixtisası üzrə təhsil alan tələbənin dissertasiya işinin rəhbəridir. Gəmilərdə çalışan gəmi mexanikləri üçün təşkil olunmuş ixtisasartırma və ixtisastəkmilləşdirmə kurslarında dərs deyir.
Hacı Babayevlə bağlı mən “Azərbaycan Xəzər Dəniz Gəmişiliyi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris işləri üzrə prorektoru, texnika elmləri doktoru Zahid Şərifovla söhbət etdim. O, söhbət əsnasında belə dedi:
- Hacı müəllimlə bizim tanışlığımız 1996-cı ildən, yəni Akademiya yarandığı vaxtdan başlayıb. Bütün bu illərdə də Hacı müəllim rəhbərliyə dəstək olub. Bu illərdə də bizim fikirlərimiz üst-üstə düşdüyünə görə bir-birimizi yarım sözdən başa düşmüşük. Yəqin ki, onunla bizim xasiyyətimizin yaxınlığına görə də dostluğumuz tutur. Əlbəttə, belə bir insan haqqında fikir söyləmək də mənə ləzzət eləyir. O mənada kı, Hacı müəllim həqiqətən böyük bir insandır. O, tələbələr tərəfindən də böyük hörmət qazanıb. Siz əgər onlarla görüşsəniz hamısı bir ağızdan deyəcək: “Hacı müəllim ədalət prinsipi ilə işləyən müəllimdir”. Açığı bunu hər bir müəllim bacarmır. Ona görə də Akademiyada hamı deyir ki, Hacı müəllim ədalətli bir insandır. Bizim Qapalı Səhmdar Cəmiyyətinin hər il keçirdiyi müxtəlif tədbirlər olur. Onlardan da biri və mənə görə ən əsası “İlin ən yaxşı matrosu, ən yaxşı kapitanı, ən yaxşı müəllimi” naminasiyasıdır. Hacı müəllim də tədris sahəsində ən böyük töhvə verən bir insan kimi bu il “İlin ən yaxşı müəllimi” adını alıb. O, öz milləti, Vətəni üçün öz həyatını fəda eləyən bir insandır. O, həm Səbail rayonu və həm də Akademiyada bütün ictimai işlərdə çox yaxından iştirak eləyir. Bu insanda “yoruldum, bacarmıram” sözləri yoxdur. O, gözəl alim, gözəl pedaqoqdur. Tədris işləri üzrə prorektor kimi mənim belə bacarıqlı, savadlı müəllimlərə böyük ehtiyacım var. Əgər Hacı müəllimi kserokopiya eləmək mümkün olsaydı mən onlarla Hacı müəllimlər keserokopiya eləyərdim ki, Akademiyada təhsil sahəsində işlərimiz daha yaxşı getsin.
Azərbaycan Dövlət Dənizçilik Akademiyasında vəzifəcə ikinci insandan belə sözləri eşitmək mənim üçün də xoş oldu ki, qəhrəmanım haqqında belə yaxşı sözlər deyilir.
Hacı Babayev pedaqoji fəaliyyəti ilə yanaşı hələ sovetlərin vaxtından dəfələrlə Səbail rayonunun deputatı seçilib. Müstəqillik dövrümüzdə isə dördüncü dəfədir ki, rayonun çoxminli sakinləri tərəfindən Bələdiyyə üzvü seçilib və daimi sosial-humanitar komissiyaya rəhbərlik eləyir. Bələdiyyə üzvü kimi də həmişə öz işinin öhdəsindən layiqincə gəlir və Səbail rayonunun istimai-siyasi həyatında da yaxından iştirak eləyir. O, həm də rayonda Böyük Vətən Müharibəsi və Əmək Veteranlar Şurası rəyasət heyyətinin üzvüdür. Bir veteran kimi burada da rayonun bütün ictimai həyatında əlindən gələni edir.
Hacı Babayev çox yaxşı valideyindir. Azərbaycan xalqı üçün iki ziyalı, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq oğul böyüdüb. Onun böyük oğlu Ramin Azərbaycan Dövlət İdman Akademiyasını bitirdikdən sonra Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşıdır. Kiçik oğlu Mirzə Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirdikdən sonra “ Azərbaycan Xəzərdənizgəmiçiliyi” QSC-nin gəmilərində kapitan köməkçisi vəzifəsində işləyir.
Həddindən artıq çox səbirli, təmkinli, yüksək təfəkkürlü insan olan Hacı müəllimlə biz onun 70 illik yubileyi günlərində görüşdük. Onun ömrünün 70 ilini birlikdə vərəqlədik. Hacı müəllimin ömür yolunu dinlədikcə ona olan rəğbətim, istəyim bir qədər də artdı. O, danışdıqca fikirləşirdim ki, bu insanın ömür yolu bir neçə kitabların maraqlı mövzusu ola bilər. Ümumiyyətlə belə fikirləşirəm ki, dənizin şıltaq təbiətinə, qasırğalarına, tufanlarına yalnız böyük iradə sahibləri, yüksək səbirli insanlar dözə bilər. Yalnız belə insanlar ömrünü, həyatını dəniz, ökean sularında gəmilərdə üzməklə, böyük risklərdən, fırtınalardan keçməklə həyatın necə mənalı olduğunu dərindən dərk edə bilərlər. Mən bunu Hacı müəllimdə də aydın gördüm. Söhbətimiz əsnasında o, maraqlı fikirlər dedi:
- Mən rus məktəbində oxumuşam. Həmin vaxtı da bizim sinifdə mənimlə birlikdə cəmi 3 nəfər azərbaycanlı oxuyurdu. Yanvar ayının 7-də anadan olduğuma görə müəllimlər və rus valideyinlər deyirdilər ki, sən İsa peyğənbərlə eyni gündə anadan olubsan. Əvvəllər buna fikir vermirdim. Çünki təpədən dırnağa qədər insanlara bağlı adamam. Amma illər keçəndən sonra görürəm ki, həmin müqəddəs gün həyatda mənə çox köməklik eləyib. Həm də Hacı adını daşımaq da mənim üçün müqəddəs addır. Çalışıram ki, əməlimlə də Hacı olum. Səbail rayonunda olan bir çox imkansızlara, Böyük Vətən Müharibəsi, Çernobıl, Qarabağ əlillərinə əlimdən gələn köməklikləri eləyirəm. İmkan düşdükcə onlarla görüşürəm.
- Siz nə vaxtdan dənizlə bağlısınız?
- Lap uşaq yaşlarımdan. Amma artıq 50 ildir ki, bir işçi kimi dənizin qoynuna ayaq basmışam. Mənə elə gəlir ki, bu bir igidin ömrüdür. Bu ömür də özünün acılı-şirinli xatirələri ilə doludur. Elə bizim bir dəfə gəmi ilə xarici ölkəyə səfərimiz özü böyük bir kitabın mövzusudur. Biz, bir vaxtlar Sovetlər İttifaqının bayrağı altında gəmi ilə dünya ölkələrini gəzirdik. Artıq 27 ildir ki, milli bayrağımızın altında dünya sularında üzürük. Üçrəngli bayrağımıza maraqla baxan əcnəbiləri gördükdə, biz də qürur duyuruq. Açığı deyim Sovetlər quruluşunun da özünün yaxşı cəhətləri olub. Mən partiya məktəbi keçmiş, təşkilatçı kadr kimi Sovetlər Birliyində yetişmişəm. Ali təhsili həmin vaxtı Odessada almışam. Açığı orada müəllimlərimiz bizim üçün əllərindən gələni ediblər ki, yaxşı mütəxəssis kimi yetişək. Amma müstəqil dövlətimizin olması, müstəqillik şəraitində yaşamağımız hamımız üçün baş ucalığıdır. Biz, bu dövləti göz bəbəyi kimi qorumalıyıq. Çünki bu müstəqillik
yolunda milyonlarla insanlar öz həyatlarını qurban veriblər. Sürgünlərdə, qərib ellərdə “Vətən” deyərək gözlərini əbədi yumublar. Onlar bu xoş günləri, müstəqilliyimizi görməyiblər. Gəlin onu da danmayaq ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin daha da möhkəmlənməsində çox böyük işlər görüb. Bunu qiymətləndirməmək, bunu danmaq, başa düşməmək çox böyük səhvdir. Ümumiyyətlə mənim aləmimdə qarşı tərəfi səbrlə dinləmək, ona qulaq asmaq böyük bir elmdir. Əfsus ki, bu elm çox adamda olmadığına görə, başları ağrıyır. Onlar çox vaxt öz istəklərini, arzularını reallaşdıra bilmirlər. Böyük hörmət-izzət sahibi ola bilmirlər. Tale mənə qismət eləyib ki, Xəzər dəniz gəmilərində uzaq xarici ölkələrə səfər etmişəm. Hətta bir partiya işçisi kimi Respublika Həmkarlar İttifaqı tərəfindən xaricə turist kimi göndərilən vətəndaşlara da rəhbər təyin olunmuşam. Beləliklə, xaricdə yaşayan insanların həyatı, yaşayış tərzi ilə yaxından tanış olmuşam. İspaniya, İtaliya, Fransa, Yuqoslaviya, Yunanıstan, İsrail, Almaniya, Polşa, Çexoslavakiya və başqa ölkələr yaddaşıma əbədilik həkk olunub. Həmin ölkələrdə görüb-götürdüyüm yaxşı işləri həmişə öz işlərimdə tətbiq etmişəm. Axı dünya həqiqətən də gör-götür dünyasıdır. Ona görə də tələbələrimə, övladlarıma, yaxından tanıdığım cavanlara həmişə tövsiyyə edirəm ki, özlərindən böyüklərə diqqətlə qulaq assınlar, onlardan bacardıqları qədər yaxşı şeyləri öyrənsinlər. Məhəmməd Peyğımbər əlehyisəlam bu haqda çox gözəl hədis deyib: “ İnsan doğuluşundan, qəbr evinə kimi oxumalı və öyrənməlidir. Bir gün elm öyrənmək altmış il ibadət etməyə bərabərdir”.
- Biz, Ali Məktəbinizin mərkəzdə yerləşən siniflərindən birində oturub, sizinlə söhbət edirik. Təvazökarlıqdan uzaq olsa da və bu haqda siz deməsəniz də öyrənmişik ki, binanın 1990-cı illərdə Dəniz Yolları Məktəbindən alınmamasının əsas səbəbkarlarından biri məhz siz olubsunuz. Həmin illəri necə xatırlayırsınız?
- O dövr doğrudan da çox çətin dövr idi. Üzr istəyirəm it yiyəsini tanımırdı. Kimin qolu güclü idisə, kimin yaxşı pulu vardısa nə istəyirdi onu da eləyirdi. Günlərin bir günü həmin vaxtı Müdafiə naziri işləyən Rəhim Qazıyev bizim məktəbə gəldi və dedi ki, “sizin Dəniz Yolları məktəbini Zığda yerləşən Ali Hərbi Dənizçilik məktəbi ilə birləşdirmək istəyirik”. Əlbəttə, bizim məktəb mülki məktəb olduğuna görə, onu hərbi məktəblə birləşdirmək hüquqi qanuna tam zidd bir hərəkətdir. Fikirləşdik ki, “deməli, Rəhim Qazıyevin bu qanundan qəti xəbəri yoxdur”. Artıq məsələ çox yuxarı dairələrdə həll də olunmuşdu. Qərar layihəsi də hazırlanmışdı ki, biz məktəbin binasını boşaldıb, Ali Hərbi Dəniz Məktəbinə köçək. Orada bizə yer də göstərmişdilər. Həmin vaxtı mən bir neçə müəllimimizlə Prezident Aparatına getdik və orada Nazirlər Kabinetinin qərar layihəsi ilə də tanış olduq. Biz, məktəbimizin müəllimlərinin çox kəskin formada yazdığı etiraz məktubunu da onlara təqdim etdik. Orada bir ağıllı adam tapıldı və onlar bu məsələnin çox ciddi olduğunu görüb bizim Dəniz Yolları Məktəbini Ali Hərbi Dənizçilik Məktəbi ilə birləşdirmədilər və binadan da əl çəkdilər. Hər gün Akademiyanın binasından içəri girəndə həmin vaxt yadıma düşür və fikirləşirəm biz nə yaxşı ki, belə prinsipial hərəkət etdik.
- Siz həmişə deyirsiniz ki, Süleyman Vəzirov gəmisi sizin üçün doğma gəmidir. Bunun səbəbi nədir?
-Sovetlərin vaxtında Süleyman Vəzirov gəmisi respublikamıza ən çox xeyir gətirən gəmi olub. Bu gün biz, məktəbimizin baş müəllimi Hüseyn Sözlü ilə birlikdə dərslik hazırlayırıq. Həmin gəminin texnikasını o kitabda əks etdirmək istəyirik. O gəmidə elə texnika var ki, həmin texnika daha heç bir gəmidə yoxdur. Gəminin hərəkəti, orada olan gidravlika, stingerlər, bugurqadlar başqalarında yoxdur. Düzdür, İsrafil Hüseynov gəmisi də ona oxşar gəmidir, amma bütövlükdə bu tipli gəmi yoxdur. Ona görə də bizim baş müəllim, uzun müddət gəmiçilikdə çalışan Azərbaycan Yazıçılar Birliyinin üzvü, maraqlı şair Hüseyn Sözlü ilə belə qərara gəlmişik ki, yazdığımız dərslik tələbələrimiz üçün maraqlı olacaq. İşimiz demək olar ki, başa çatmaqdadır. Bununla bağlı mən tez-tez Süleyman Vəzirov gəmisində də oluram. Bəzi məsələləri tam reallaşdırıram.
- Söz şair Hüseyn Sözlüdən düşdü. O, sizin 70 illik yubileyinizə “ Ay Hacı” adlı belə bir şeir də həsr edib. İstəyirəm həmin şeirlə oxucular da tanış olsun.
Yetmişini yola salırıq bu gün,
Bugünkü tək uzun illər şən görün,
Bu gün olsun nəvən üçün toy-düyün,
Arzuların daim dola, ay Hacı!
Həccə gedir bir çoxları ad üçün,
Ancaq qəlbi yanmır doğma, yad üçün.
Sən yanırsan hər kəs üçün, od için,
Hər ürəkdə bir od qala, ay Hacı!
Nadanların sözlərinə qırılma,
Şan-şöhrətə vurulmadın, vurulma.
Yaxşılıq et, yaxşılıqdan yorulma,
Bəlkə hər kəs dərsin ala, ay Hacı!
Dayanmısan keşiyində biliyin,
Müəllim kimi çox vurmusan külüngün.
Bir nurlu sifətdir üzün, görüntün,
Bağlısan sən, çünki elə, ay Hacı!
El yolunda gül üstündə arısan,
Elm yolunda əkdin saça qarı sən.
Texnika üzrə fəlsəfə doktorusan,
Alınmayan sən bir qala, ay Hacı!
Bu yetmiş yaş cavanlığın şamıdır,
Düşüncənin, müdrikliyin dəmidir.
Həyatımız, su üstündə gəmidir,
Bu yaşını yüzə cala, ay Hacı!
- Hüseyn Sözlü özü də böyük ziyalı və yaxşı müəllimdir. Akademiyamızın bütün ictimai işlərində yaxşından iştirak eləyir. Mənə belə şeir həsr elədiyinə görə də ona dərin minnətdarlığımı bildirirəm.
- Sizi tələbələr də çox sevir. Bu sevgi nədən qaynaqlanır?
- Müəllim tələbəyə öz övladı kimi yaxınlaşmalıdı. Onları öz övladı kimi sevməlidi.Çalışıram ki, onlarla ədalət prinsipində işləri qurum. Mən bir məsələni də burada bildirmək istəyirəm. Gənclərin formalaşmasını üç isriqamətin vəhdəti təşkil eləyir. Birinci ailə, ikinci asudə vaxtı necə keçirmək və üçüncü də həmin gəncin təhsilə münasibəti. Mən tələbələrimlə ətraflı söhbət əsnasında hər birində bu üç cəhəti qismən öyrənəndən sonra çalışıram ki, onları təhsildən sonrakı həyata lazım olan səviyyədə hazırlayım. Çünki gəmiçi həyatı çox çətin, məşəqqətli həyatdır. Bu həyata hər adam dözə bilmir. Burada gərək insanda dəmir iradə və böyük səbr olmalıdır. Bunlar birlik təşkil edəndə insan bütöv olur.
- Eşitmişik ki, sizin 70 yaşınız Dənizçilik Akademiyasında çox yüksək səviyyədə keçirilib.
- Açığı mən istəmirdim ki, 70 illik yubileyim belə təmtəraqlı keçsin. Amma Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, texnika üzrə fəlsəfə doktoru, dosent Çingiz Əliyevlə söhbətdən sonra çoxlu təşkilatların iştirakı ilə yubileyim yüksək səviyyədə keçirildi. Buna görə Dəniz Akademiyasının kollektivinə və qonaqlara dərin təşəkkürümü bildirirəm.
- Sizin Dövlət Dəniz Akademiyasında axır vaxtlar çoxlu yeniliklər olub.
- Bəli. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin əmri ilə 2015-ci ilin iyul ayından Çingiz müəllim bura rektor təyin olunub. O, rektor təyin olunandan sonra Akademiyada çox böyük işlər görülüb və görülür. Hər gün tələblərə gündə iki dəfə ödənişsiz yemək verilir. Tələbələrə geyim də ödənişsizdir və onlara tədrisin nəticələrinə görə təqaüd də verilir. Yataqxana ödənişsizdir. Tələbələr xaricə üzən gəmilərdə təcrübələrinin nəticələrinə görə pul alırlar. Müəllimlərin məvacibi artıb. Gündə bir dəfə yemək ödənişsizdir. Akademiyamızın bütün müəllim və tələbə heyyəti bu xidmətlərinə görə ona öz minnətdarlığını bildirirlər. Mən bir şeyə də çox sevinirəm ki, mənim də çoxlu keçmiş tələbələrim elmi işlərini müdafiə ediblər, ali dərəcələr alıblar və hazırda Akademiyanın tədris, dekan, kafedra müdiri, müəllim və assistent vəzifələrində çalışırlar. Gəmi Energetik Qurğuları kafedrasının müdiri, mənim elmi rəhbərim dosent Akif İsmayılov təyin olunandan sonra çox işlər görülüb, laboratoriyamız genişlənib və tədqiqatlar üçün geniş imkanlar yaranıb. O, çalışır ki, hamıya əlindən gələn köməklikləri eləsin ki, müəllimlərimiz elmi işlərini müdafiə eləyə bilsinlər. Mən onu dənizçi dili ilə desək geclü yedək hesab eləyirəm.
- Sizə Dənizçilik Akademiyasında hamı böyük hörmətlə yanaşır. Hətta Akademiyanın arxiv işçisi Gülnarə Hüseynova deyir ki, Hacı müəllim elə bil ki, həyata yalnız yaxşılıq etmək üçün gəlib. O, yaxşılıq mücəssəməsidir. Məgər siz həyatda pislik etməmisiniz?
- Pisliyi yalnız özümə eləmişəm. Belə ki, heç vaxt özümü və ailəmi düşünməmişəm. Onlara lazım olan şəraiti yarada bilməmişəm. Bu gün nə bağım, nə maşınım var. Bəlkə də bu ailədən irəli gəlir. Çünki atam Mirzə kişi də həmişə insanlara yaxşılıq eləyib və bizi də bu ruhda kökləyib. O, həmişə bu atalar sözünü tez-tez təkrar eləyərdi: “Yaxşı iş heykəl kimidir, hər yerdən görünür. Əgər yaxşılıq eləyib bir şey umursansa o yaxşılığı eləməsən yaxşıdır”. Bu sözlər də lap uşaq yaşlarından mənim beynimə höpub.
- Prezidentliyə çox adam namizədliyini verib. Onlar elə bilir ki, bu gün ətrafımız düşmənlərlə əhatə olunduğu bir vaxtda ölkə prezidenti olmaq çox asandır. Siz bir ziyalı kimi bu namizədlərdən kimin Azərbaycanın prezidenti olmasını istərdiniz?
- Tələbələrlə söhbətlərim əsnasında deyirəm ki, hökmən seçkilərə getmək lazımdır. Və gedib orada hökmən öz münasibətini bildirməlisiniz. Çünki bu cavabdehli məsələ millətimizin gələcək 7 ildə taleyüklü məsələsi deməkdir. Mən, uzun illər böyük həyat təcrübəsi olan, 50 ildən çox bir müddətdə əmək fəaliyyəti ilə məşğul olan insan kimi deyə bilərəm ki, gələcək son 7 ildə bizim prezidentimiz yalnız İlham Əliyev ola bilər. Çünki o, ulu öndər Heydər Əliyevin məktəbini keçib. Bu 15 ildə, prezident olduğu dövrdə Azərbaycanın dünyada yaxşı tanınması üçün əlindən gələni edib. İnanıram ki, onun bu yeni prezidentliyi dövründə hökmən Qarabağ problemi də həll olunacaq. Çünki uzun illərdir ki, cənab İlham Əliyev bu müqəddəs yolda əlindən gələni eləyir. Ona görə də inanıram Qarabağ problemi tezliklə reallaşacaq. Bizim ixtiyarımız yoxdur ki, bu problemi gələcək nəsillərimiz üçün saxlayaq. Mən qətiyyətlə deyə bilərəm ki, bunu ölkə başçımız da istəyir ki, bu məsələ tezliklə həll olunsun. Bu müqəddəs işdə bizim bir millət kimi birliyimiz çox vacibdir. Preziden İlham Əliyev də bu yolda əlindən gələni eləyir. O, hər çıxışında deyir ki, biz nəinki Qarabağı geri qaytaracağıq, həm də dədə-baba yurdumuz olan Ermənistandakı bütün torpaqları geri alacağıq. Mən buna inanıram. Onun bu fikri tezliklə reallaşacaq. Hər şeyin zamana ehtiyacı var.
- Bizim millətin belə bir gözəl kəlamı var: “Çox gəzən çox bilər”. Siz bu fikirə necə baxırsınız?
- Əgər mən uzun illər xarici ölkələrə getməsəydim, orada olan yaxşı işləri görməsəydim, onda mənim üçün yaşamağın da mənası olmazdı. Onda mən öz tələbələrimə lazım olan incəlikləri də öyrədə bilməzdim. Çünki xarici ölkələrdə olanlarla burada olanları müqayisə etdikcə maraqlı fikirlər ortaya çıxırdı. Çalışırdım ki, həmin yaxşı işləri burada da tətbiq edim. İndi də seçicilərimin, dənizçilərin, tələbələrimin hər bir fikirlərini diqqətlə dinləyirəm və əlimdən nə köməklik gəlirsə onlar üçün eləyirəm. Tələbələrimə də həmişə qarşısında olan adamı diqqətlə dinləməyi, ona yaxşı qulaq asmağı tövsiyyə edirəm. Çünki onlar təhsillərini başa vurandan sonra dənizin şıltaq təbiəti vaxtı bir-birini eşitsələr, bir-birinə diqqətlə qulaq assalar, gəmini və özlərini dənizin burulğanından, şıltaqlıqlarından qoruya bilərlər. Elə dövləti də çətin vəziyyətdən, vətəndaş qırğınından xilas etməyin yolu iqtidarla müxalifətin bir-birini diqqətlə dinləməsi, lazım olanda ölkənin müstəqilliyi, əmin-amanlığı naminə bir-biri ilə kompramisə, barışığa getməsi çox vacibdir. Gəlin yadımıza salaq 1988-93-cü illəri. Əgər həmin vaxtı iqtidar-müxalifət bir-birini başa düşsəydi, kompramisə getsəydi və ulu öndər Heydər Əliyevi Azərbaycana gətirib, hakimiyyəti ona tapşırsaydılar həmin vaxtı biz bir qarış da Qarabağ torpaqlarını ermənilərə verməzdik. Bir milyondan da çox qaçqınımız, köçkünümüz olmazdı. Heç olmasa bundan sonra müdrik hərəkət eləyib, İlham Əliyevin ətrafında sıx birləşək ki, torpaqlarımızı geri ala bilək.
Mən atalar məsəlini çox sevirəm. Orada bəzən adi bir cümlə böyük bir kitabın mövzusu olur. Ona görə tez-tez atalar məsəlindən istifadə eləyirəm. Atalarımızın çox gözəl bir məsəli var: “Ağızla baş arasındakı məsafə beş barmaqlıq bir yoldur. Çalış ağzından elə sözlər çıxat, elə sözlər de ki, beş barmaq yumruğa çevrilib, başına dəyməsin”. Bax bu gün cəmiyyətimizdə elə insanlar var ki, ağına-bozuna baxmadan ağzına nə gəldi deyirlər. Çünki bu adamların çoxunun yuxarıda dediyim atalar sözündən xəbəri yoxdur. Onlar başa düşmürlər ki, ağıl adama bir sərmayə kimi verilir. Ondan layiqincə istifadə etməyi bacarmaq da hər kişinin işi deyil. Biz dənizçilər arasında bu məsəl çox tez-tez işlənir: “ Ağılsız adama nəsihət etmək, dənizə su tökmək kimi bir şeydir”. Çox əfsus ki, bu gün belə adamların sayı çoxdur. Onlar da böyük xaoslar yaratmağa çalışırlar. Bununla da ölkəmizdə böyük söz-söhbətlər yaratmaqla düşmən dəyirmanına su tökürlər. Amma bizə bu gün müstəqilliyimizi qorumaq, işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün milli birlik, barışıq çox lazımdır. “Birlikdən də qüvvət, güc yaranar”,- deyib babalarımız. Milli birliyi olmayan dövləti də hegemon dövlətlər asanlıqla əsarət altına sala bilirlər. Axı bu müstəqilliyimizi biz 70 il gözləmişik. Bu müstəqillik yolunda minlərlə insanlarımız şəhid olub. Bu il 100 yaşı tamam olan Cümhuriyyətimizin qorunması yolunda şəhid olanlarımız da çox olub. Məcburən doğma vətəndən didərgün düşənlərimiz də çox olub. Onlar yad ellərdə “Vətən, can Vətən” deyib gözlərini əbədi yumublar. Heç olmasa onların ruhu şərəfinə bir olaq. Heç olmasa Almaz İldırımın qərib eldə Azərbaycanla bağlı dediyi bu sözləri yada salaq:
- Konlümə tək kəbə bildim səni mən,
Sənsiz neynəm Allahı mən, dini mən.
Sənsiz neynəm qürbət eldə günü mən,
Azərbaycan mənim tacım-taxtım oy,
Oyanmazmı kor olası bəxtim oy!
Bu gün hər Vətənini sevən bir azərbaycanlı papağını qarşısına qoyub, özü-özündən soruşmalıdır: “ Ölkəmizin müstəqilliyi, millətimizin birliyi, insanlarımızın firavan yaşaması üçün mən nə edirəm?” Bu suala özündə cavab tapa bilməyənin özünə azərbaycanlı deməyə haqqı yoxdur. Çünki atalarımız deyir ki, “Vətən elin evi, Vətənə məhəbbət isə iman əsəri olmalıdır”.
Ağalar İDRİSOĞLU,
Əməkdar İncəsənət Xadim
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB