Surxay Məmmədli: “İnanclı vətəndaşlarımız İlham Əliyevə səs verdilər” MÜNASİBƏT
“Bu qələbə hər bir vətənsevər insanın qələbəsi hesab oluna bilər, çünki müasir Azərbaycanın müstəqilliyi və mütərəqqi dövlət quruculuğu bilavasitə Cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. O, Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi və əməli davamını öz uğurlu siyasəti ilə sübuta yetirən dövlət başçısıdır”. Bu fikirləri SİA-ya İçərişəhər dini icmasının rəhbəri, Cümə məscidinin imam camaatı, ilahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli aprelin 11-də keçirilən prezident seçkilərində Cənab İlham Əliyevin qələbə qazanmasına, Onun xalq tərəfindən nəhəng dəstək almasına münasibətini bildirərkən deyib.
Surxay Məmmədli bildirib ki, Vətəni sevmək imandandır və bu amildən çıxış edən dini inanclı vətəndaşlarımız heç bir alternativi olmayan namizədə - İlham Heydər oğlu Əliyevə səs verdilər. Belə ki, dövlət başçısı ölkənin bütün sahələrini əhatə edən infrastrukturlar yaratmaqla yanaşı, Azərbaycanın bütün bölgələrində dini ocaqların təmir və bərpa işlərinin həyata keçirilməsi, yeni məscidlərin tikilməsi işlərinə həssas yanaşmış, şəxsi nəzarətində saxlamışdır: “Təbii ki, bütün bu kimi amillər bizləri sevindirir və Ona olan xalq məhəbbətini artırır. Dövlət rəhbərimiz qeyd etdiyim fikirlərlə yanaşı, ölkəmizdə heç bir digər dövlətlərdə olmayan tolerantlıq və multikultural dəyərləri ehtiva edən mühitin formalaşması siyasətini uğurla həyata keçirib və keçirməkdədir. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri qardaşlıq və dostluq münasibətlərini qoruyub-saxlayırlar və belə olan halda heç bir anti-Azərbaycan dairələr belə bir təməlli, monolitlik faktoruna öz təsirlərini göstərə bilməz. Fürsətdən istifadə edərək, Cənab Prezidentimizə seçkilərdə qazandığı qələbəsi münasibəti ilə təbriklərimi çatdırmaq istərdim”.
Professor, ölkə başçısının bir neçə gün öncə şəhərin ən görkəmli yerində Hacı Cavad məscidinin tikilərək, istifadəyə verilməsinə və dövlət başçısının məscidin açılış mərasiminə qatılmasına, orada etdiyi çıxışına da münasibətini bildirərək deyib ki, ümumiyyətlə, bu çox mütərəqqi bir hadisədir.
Eyni zamanda, təmirsiz və qəzalı olan daha öncəki məscidin yerinə belə bir memarlıq abidəsinin tikilməsi hər bir müsəlmanın böyük sevincinə səbəb olub: “Vaxtilə Hacı Cavad məscidi söküləndə insanlar bəzi qərəzli sözlər deyirdilər. Belələri guya etiraz adı altında müəyyən qaranlıq dairələrin sifarişlərini həyata keçirməyə cəhdlər göstərirdilər. Ancaq Cənab Prezident gəldi və Hacı Cavad məscidini açdı və mən, indi həmin tərəflərə sual verirəm ki, nəyə görə özlərini mömin, dindar adlandıran bəzi şəxslər bu münasibətlə dövlətimizə, ölkə başçımıza minnətdarlıqlarını bildirmədilər, inanclı qardaş və bacıları təbrik etmədilər? Niyə küçələrə çıxıb guya məscid müdafiəsinə çıxanlar indi ortalıqda yoxdurlar? Məhz bu kimi məqamları, bu kimi sualları təhlil edərkən biz bir daha əmin oluruq ki, bu cür adamlarda dövlət, Vətən sevgisi yoxdur. Əksinə, biz Cənab İlham Əliyevin ətrafında toplaşan dini icmalarımız Azərbaycanın inkişafında və tərəqqisində daim dəstəkçi olacaq, Məhz bu istiqamətdə fəaliyyətlərini aparacaqlar”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB