Mübariz İbrahimova həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb

Mübariz İbrahimova həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin təşəbbüsü və Sumqayıt şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər Gənclər və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində "Mübarizin son məktubu" mövzusunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan müsabiqənin yekun mərhələsi keçirilib. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iki həftə ərzində bütün Sumqayıt məktəblərini əhatə etməklə 2000-ə qədər şagird arasında üç nominasiya – rəsm, bədii qiraət və inşa yazısı üzrə keçirilən müsabiqənin ilkin mərhələsində 200-ə yaxın şagird seçilib.

İlk mərhələlər üzrə müsabiqənin qalibi olan məktəblilər Sumqayıt şəhər Gənclər və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinə toplaşaraq igid Azərbaycan oğluna öz məhəbbət və ehtiramlarını bildirib, onun qəhrəmanlıq yolunu davam etdirməyə hazır olduqlarını özlərinin inşa yazılarında, bədii qiraətdə və rəsm əsərlərində daha dolğun ifadə etməyə çalışıblar. Müsabiqənin yekun mərhələsində çıxış edənlər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun gənclərə nümunə ola biləcək şücaət və qəhrəmanlığından, onun əsl Azərbaycan oğlu kimi Vətənə sonsuz məhəbbətindən söhbət açıblar. Müsabiqənun bu mərhələsində nümayiş etdirilən "Vətən", "Dədə Qorqud", "Torpaq həsrəti", "İgid Mübariz" və "Azərbaycan əsgəri" adlı rəsm əsərləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Şeir-bədii qiraət müsabiqəsində məktəblilər tərəfindən Azərbaycanın görkəmli şairlərinin Vətənin azadlığına və istiqlaliyyətinə həsr olunan, düşmən üzərində qələbəyə səsləyən ən yaxşı şeirləri səsləndirilib. Hər bir nominasiya üzrə ayrı-ayrılıqda keçirilən yekun müsabiqənin sonunda mütəxəssislərdən, müəllim, şair, yazıçı və rəssamlardan ibarət münsiflər heyəti tərəfindən müəyyən edilən qaliblər xüsusi diplomlar və fəxri fərmanlarla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə