Lənkəranda Azərbaycanlıların soyqırımı günü qeyd olunub

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, daha sonra ölkənin bölgələrində davam etdirilən, 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi 100 illik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə də yaddan çıxmır. Qanlı qırğınların günahsız qurbanlarının xatirəsi soyqırım günündə hər yerdə olduğu kimi Lənkəranda da geniş şəkildə yad olunub.

Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, din xadimləri, müharibə veteranları, gənclər Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsi şərəfinə inşa olunmuş abidə kompleksini ziyarət ediblər. Kompleksin önünə günahsız qurbanların xatirəsinə ehtiram əlaməti olaraq al-qırmızı qərənfillər düzülüb.

Anım mərasimi Heydər Əliyev Mərkəzində soyqırımı hadisələrinin 100 illiyinə həsr olunmuş elmi konfransla davam etdirilib. Tədbirdə çıxış edən natiqlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1818-ci il mart-aprel aylarında törədilən kütləvi qırğınlardan bəhs edərək, həmin dövrdə baş verənləri bəşəri cinayət adlandırıblar.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyi bildirilib, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə şatdırılmasında dövlətimizin başçısı cənab İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetində, pedaqoji və tibb kolleclərində, rayonun ümumtəhsil müəssisələrində və mədəniyyət ocaqlarında da azərbaycanlıların soyqırımı hadisələrinin 100 illiyi müxtəlif səpkili tədbirlərlə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə