1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan ordusu tərəfindən işğal edilməsindən 25 il ötür. 25 il bundan öncə, erməni qüvvələri 1993-cü il martın 27-də başlanan genişmiqyaslı hücumdan sonra aprelin 2-də Kəlbəcər rayonunu işğal etdilər. İşğal nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Qeyd edək ki, Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
1930-cu il avqustun 8-də ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər inzibati rayon statusu alıb. Qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Kəlbəcərin ermənilərə təslim edilməsi AXC-Müsavat cütlüyü hakimiyyətinin tarix və millət qarşısında ən ağır cinayətlərindən biridir. 1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə Ümummilli Liderimiz Heydər Əliyev qeyd etmişdi ki, Kəlbəcər öz coğrafi mövqeyinə görə, elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyildi: "Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər 1993-cü ilin mart ayının sonunda işğal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, Dağlıq Qarabağ, o zaman Kəlbəcərlə qonşu rayon olan Laçın işğal olunmuşdu. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə
görə, digər tərəfdən isə, kəlbəcərlilərin özlərinin qəhrəmanlıqlarına görə. Demək, onu saxlamaq və qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqteyi-nəzərdən qoruyub-saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi".
Beləliklə, işğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Amma artıq o çətin günlər arxada qalıb. Dağlıq Qarabağın və ətrafındakı rayonların işğaldan azad olunması istiqamətində mütəmadi addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli siyasət yürüdür. Bununla yanaşı, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət nümayiş olunur. Artıq çadır şəhərcikləri ləğv olunub və yeni qəsəbələr salınır. Bütün kəlbəcərlilər Azərbaycan dövlətinin problemlərin öhdəsindən, o cümlədən, yaxın zamanda torpaqlarımızın işğaldan azad olunacağına inanır və öz yurd-yuvalarına qovuşacaqları günü səbrsizliklə gözləyirlər.
Bəli, Cənab Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir. Məlumdur ki, müasir dünyada Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq normaları pozaraq, Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayır. Bu gün 1 milyondan artıq azərbaycanlı torpaqlarından didərgin salınaraq, qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində, 30 mindən artıq Azərbaycan vətəndaşı qətlə yetirilib, çoxlu sayda insan əsir və girov götürülüb. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar Ermənistanın işğal faktını təsdiqləyiblər. Mövcud duruma son qoyulması və qaçqınların öz torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərar və qətnamə qəbul edilsə də, işğaçı dövlət buna əməl etmir. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə, ordumuzun güclənməsi ilə müşayiət olunur. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə, Hərbi-Dəniz Donanması və Quru Qoşunlarından ibarətdir. Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib. Bu istiqamətdə, son illər ərzində, böyük işlər görülüb. Azərbaycan iqtisadiyyatının yüksəlişi, bütün sahələrdə olduğu kimi, ölkənin hərbi qüdrətinin də artmasında müsbət təsirini göstərib. Son on beş il ərzində, Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik ordumuz var. "Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur və əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir"- deyən Azərbaycan Prezidenti, yoxsul Ermənistandan fərqli olaraq, ölkəmizin öz hesabımıza yaşadığını, o cümlədən, hərbi gücümüzü öz hesabımıza artırdığımızı bildirib: "Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir".
Göründüyü kimi, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün amillər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasəti yaxın gələcəkdə üçrəngli bayrağımızın Qarabağda dalğalanacağından xəbər verir. Tarix sübut edib ki, peşəkar ordusu olan xalqın müstəqilliyi də daimi və əbədidir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB