“Olimpiya Odisseyası” proqramının təqdimat mərasimi keçirilib - FOTO

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) və Olimpiya Həmrəyliyi Fondunun birgə dəstəyi ilə “Olimpiya Odisseyası” proqramının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə MOK-un vitse-prezidentləri Çingiz Hüsenynzadə, Xəzər İsayev, baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev, Olimpiya çempionları və idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, MOK tərəfindən 2008-ci ildə Azərbaycanın Olimpiya çempionları haqqında sənədli filmlərin çəkilməsi üçün qərar qəbul olunub. Həmin dövrdən başlayaraq Azərbaycanın Olimpiya çempionlarına həsr olunmuş “İlk Qızıl”, “Qızıl Sidney”, “Cəngavər”, “Elin Nuru”, “Ərtoğrul” kimi sənədli filmlər çəkilib. 2017-ci ildə isə MOK tərəfindən çəkilmiş filmlərin bir albom daxilində toplanmasını və təqdimatını nəzərdə tutan “Olimpiya Odisseyası” proqramını həyata keçirmək qərara alınıb.

“Olimpiya Odisseyasının” mahiyyətini əks etdirən videoçarx nümayiş edilib.

Sonra layihənin baş rejisoru Arzu Qulamov filmlərin ərsəyə gətirilməsi haqqında məlumat verib. O, filmlərin çəkilmə tarixçəsi, yaradıcılıq prosesi və xatirələr barədə danışıb.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə layihənin məqsədi, tarixçəsi və önəmi haqqında fikirlərini bilidrib. O, 6 Olimpiya çempionunun tarixçəsinin bu filmlər vasitəsilə gənclərdə və uşaqlarda idmana sevgi aşılayacağını qeyd edib.

Ç. Hüseynzadə filmin baş rejissoru Arzu Qulamova “Olimpiya Odisseyası” layihəsinin uğurlu icrası və ölkədə Olimpiya hərəkatının təbliğində göstərdiyi dəstəyə görə təşəkkürnamə və hədiyyəlik film dəsti təqdim edib.

Olimpiya çempionları Zemfira Meftahətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli və Toğrul Əsgərova da hədiyyəlik film dəsti təqdim olunub və onlar layihənin əhəmiyyəti haqqında danışıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə